“Koroğlu tüfəng çıxanda, qılıncını kənara qoyub, kişilik dövrü bitdi” deyə, rəvayət var- PUA və dronlar da artıq orduda çox sayda piyada qüvvələrini, tank birləşmələrini, hətta hərbi kəşfiyyatı az qala faydasız edir...
2023-cü ilin yayında Ukrayna PUA-ları ilk dəfə olaraq Kreml qülləsinədək uçub gələndə Azərbaycanın dronlarla mübarizəyə hazır olmağın vacibliyini vurğulamışdıq. İzahı da sadə idi: ətrafımızda düşmənlər çoxdur...
İranın Naxçıvanın ən strateji obyektinə dron hücumu özü ilə bəzi təhlükəsizlik sualları da gətirdi, amma onun cavabları məndə deyil. (Yeri gəlmişkən, mütəxəssislər PUA ilə dron arasındakı fərqi izah etsələr, yaxşı olar. Çünki bəzi mənbələr Naxçıvana dron, bəzi mənbələr PUA hücumu deyir). İndi bir çox ordularda dron hücumlarlı və müdafiəsi ilə bağlı hərbi birləşmələr yaradılıb. Bunun üçün ən müasir hava hücumundan müdafiə sistemləri alınır, təlimlər keçirilir. 44 günlük müharibədə ordumuz bu sahədə təkcə öz şücaətini göstərmədi, həm də real hərbi şəraitdə ciddi təcrübə topladı.

“Koroğlu tüfəng çıxanda, qılıncını kənara qoyub, kişilik dövrü bitdi” deyə, rəvayət var. PUA və dronlar da artıq orduda çox sayda piyada qüvvələrini, tank birləşmələrini, top zərbələrini, hətta hərbi kəşfiyyatı az qala faydasız edir. Onlar hamını və hər şeyi əvəz etmək iddiasındadır. PUA-lar hava kəşfiyyatını da edir, hədəf təyinatını da müəyyənləşdirir.
Yaxın Şərqdəki müharibə isə göstərir k, dronlarla mübarizədə tam nəticəyə nail olan dövlət hələ yoxdur. Hətta İsrail belə ölkənin hava sərhədlərini bu ölüm gətirən “quşlardan” tam sığortalaya bilmir. ABŞ-nin İranın “Şəhid” hücum dronlarının hava hücumundan müdafiə sistemlərinin hamısını zərəsizləşdirə bilməyəcəyi haqda ciddi narahatlıqlar var. Mütəxəssislər deyir ki, İran PUA-larının alçaqdan və yavaş uçmaları onları məsələn, ballistik raketlərdən fərqli olaraq, hava hücumundan müdafiə sistemlərindən yayınmasına kömək edir. 50 il əvvəl kim düşünə bilərdi ki, təyyarələr, vertolyotlar, raketləri aşkar etmək üçün hazırlanmış hava hücumundan müdafiə sistemləri kiçik, çətinliklə görünən dronların əlində girinc qalacaqlar...
Ölkəsinin müdafiəsinə milyardlar xərcləyən Birləşmiş Ərəb Əmirlikləri son bir həftədə İranın ən azı 800 dron hücumuna məruz qaldığını, amma onlardan yüzə yaxının yenə də hədəfləri vurduğunu bəyan edib. Müharibənin 7 günündə Fars körfəzi ölkələri onlara doğru uçan İran PUA-larının 90 faizindən çoxunu vurub, lakin müəyyən sayda hücum dronları nəzərdə tutulan hədəfləri vurmağı bacarıb. Görünən odur ki, söhbət dronlardan yüz faizli müdafiədən deyil, onları zərəsizləşdirmək faizindən gedir. Bir vacib məsələdə var ki, İran dronları maksimim 20-30 min dollara başa gəlirsə, dronlardan sığrtalanmaq üçün müdafiə sistemləri çox bahadır. Birləşmiş Ərəb Əmirlikləri iki THAAD hava hücumundan müdafiə batareyası, 12 Patriot hava hücumundan müdafiə batareyası, İsrail istehsalı “Spyder” və “Barak” sistemləri alıb. Lakin dronları vuran raketlər məhduddur və olduqca bahadır. THAAD sistemi üçün bir tutucu raket 12 milyon dollardan, Patriot hava hücumundan müdafiə sistemi üçün isə 3,5 milyon dollardan çoxdur.
Hərbi elm, digər elmlər kimi, sürətlə inkişaf edir, yeni müharibə üsulları və yeni silah növləri ortaya çıxır.
![]()
Superölkələr illərlə “ulduz müharibələri”, başqa planetdən Yerə hücum edən meymunlarla savaşdan filmlər çəkiblər, “kosmosda hökmran bizik” rəvayətləri uydurublar. İndi isə PUA-larla mübarizədə aciz qalıblar. Gələcəkdə məhz “göydən gələn bəla” ilə mübarizə üçün daha effektiv texnologiyalar daha çox alıcı tapacaq. Azərbaycanın 2026-cı il hərbi büdcəsi 8,71 milyard manat (xərclərin 20,9%-i) təşkil edəcək ki, bu da 2025-ci ildən 3,8% çoxdur. Dövlət baba silah arsenalına həmişə diqqət edib və hər şeyin ən yaxşısını almağa çalışıb.
İranın Naxçıvan aeroportuna hücumu bütün Cənubi Qafqazda gərginliyi artıra bilər. Haklbuki həm Bakı, həm Tiflis, həm də İrəvan İranla müharibədə rəsmi olaraq tərəf tutmayıblar. Dünənki hadisədən sonra həm Ermənistandan, həm Tiflisdən Bakıya dəstək zəngləri həm də regiondakı narahatlıqların göstəricisidir.
Dünyada daha dinclik olmayacaq. Biz də buna daima hazır olmayıq.
Nazim SABİROĞLU,
Musavat.com