Cənubi Qafqaz regionu son illərdə mühüm geosiyasi və iqtisadi proseslərin mərkəzində dayanır. Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması yalnız dövlətlərin qarşılıqlı hörmətə, beynəlxalq hüquqa, mehriban qonşuluq prinsiplərinə sadiqliyi ilə mümkündür. Və bu istiqamət hər zaman Azərbaycanın əsas prioritetlərindən biri olub. Lakin son dövrlərdə baş verən bəzi hadisələr göstərir ki, bu prinsiplər hər zaman bütün tərəflər tərəfindən eyni şəkildə qiymətləndirilməyib. Bu baxımdan İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumu ciddi narahatlıq doğurur və bu hadisəyə prinsipial mövqe ifadə edilməsini zəruri edir. Belə təxribat xarakterli addımlar regionda sabitliyə xidmət etmir və beynəlxalq münasibətlərdə qəbul olunmuş normalarla ziddiyyət təşkil edir.
Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran tərəfinin üzərinə düşür və bu addım molla rejiminin nankorluğunun və riyakarlığının göstəricisi kimi qiymətləndirilir.
İlk növbədə qeyd edilməlidir ki, mülki infrastruktura qarşı hər hansı hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Naxçıvan ərazisində mülki vətəndaşların istifadə etdiyi obyektlərin, o cümlədən hava limanı kimi mühüm infrastrukturun hədəfə alınması təkcə hərbi təxribat deyil, həm də dinc insanların təhlükəsizliyinə yönəlmiş təhlükəli addımdır. Bu cür hücumların həyata keçirilməsi nə hərbi, nə də siyasi baxımdan əsaslandırıla bilməz və beynəlxalq humanitar hüququn tələblərinə tamamilə ziddir.
Mülki obyektlərə qarşı dron hücumu təşkil etmək yalnız hərbi qarşıdurma çərçivəsində deyil, ümumilikdə beynəlxalq münasibətlər sistemində qəbuledilməz davranış hesab olunur. Bu cür addımlar regionda gərginliyin artmasına səbəb olur, etimad mühitini sarsıdır və sabitliyin qorunmasına yönəlmiş səylərə zərbə vurur. Belə halların qarşısının alınması üçün beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsi əsas şərtdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdiyi gündən etibarən bütün qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipinə əsaslanan siyasət yürütmüşdür. Ölkəmiz heç vaxt öz ərazisindən digər dövlətlərə qarşı təhlükə mənbəyi kimi istifadə etməmişdir. Əksinə, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün daim təşəbbüslərlə çıxış etmişdir. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri məhz mehriban qonşuluq münasibətlərinin qorunması və qarşılıqlı etimad mühitinin gücləndirilməsidir.
Bu siyasət təkcə diplomatik bəyanatlarla deyil, real addımlarla da təsdiqlənmişdir. Azərbaycan dövləti müxtəlif dövrlərdə qonşu ölkələrə qarşı humanitar həmrəylik nümayiş etdirmiş, çətin anlarda dəstək göstərmişdir. Bunun nümunəsi olaraq Azərbaycanın İranla münasibətlərində də humanitar və diplomatik jestlərin mövcudluğunu qeyd etmək olar. İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dərhal başsağlığı verilməsi, səfirliyin ziyarət olunması və diplomatik həmrəylik nümayiş etdirilməsi Azərbaycan dövlətinin humanitar və etik prinsiplərə sadiqliyinin bariz göstəricisidir.
Bununla yanaşı, Azərbaycan tərəfi müxtəlif dövrlərdə İran xalqına humanitar yardım göstərmək niyyətini də ifadə etmişdir. Belə bir şəraitdə Azərbaycan ərazisində mülki obyektlərin və mülki vətəndaşların istifadə etdiyi infrastrukturların hədəfə alınması yalnız təəssüf doğurmur, həm də bu addımların motivləri ilə bağlı ciddi suallar yaradır. Bu cür addımlar regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinə zərbə vurur.
Digər tərəfdən, İran ərazisində yaşayan milyonlarla azərbaycanlının hüquqları ilə bağlı məsələlər də uzun illərdir beynəlxalq ictimaiyyətin diqqətindədir. Müxtəlif dövrlərdə azərbaycanlı fəalların təqiblərə məruz qalması, onların mədəni və siyasi hüquqlarının məhdudlaşdırılması barədə məlumatlar narahatlıq doğuran məsələlər kimi gündəmdə qalmaqdadır. Bu faktlar regionda yaşayan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı daha geniş beynəlxalq diqqətin vacibliyini göstərir.
Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib və qonşularına qarşı düşmənçilik mövqeyi sərgiləməyib. Əksinə, ölkəmiz dar günlərdə belə qonşularına dəstək göstərib, humanitar və mənəvi həmrəylik nümayiş etdirib. Məhz buna görə də Azərbaycanın ərazisinə qarşı yönəlmiş bu cür addımlar həm siyasi, həm də mənəvi baxımdan qəbuledilməz hesab olunur və buna adekvat münasibət bildirilməsi zəruridir.
Azərbaycan dövləti hər zaman sülh və sabitliyin tərəfdarı olmuşdur. Ölkəmiz regionda konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə vermək üçün müxtəlif təşəbbüslərlə çıxış etmiş, beynəlxalq hüquqa əsaslanan siyasət yürütmüşdür. Bununla yanaşı, hər bir suveren dövlət kimi Azərbaycan da öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq hüququna malikdir. Dövlətin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdid adekvat tədbirlərin görülməsini zəruri edir.
Tarix göstərir ki, Azərbaycana qarşı yönəlmiş hər hansı təxribat və ya təcavüz cəhdləri heç vaxt nəticəsiz qalmamışdır. Azərbaycan xalqı və dövləti öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün kifayət qədər güclü iradəyə malikdir. Bu baxımdan ölkəmizin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addımın cavabsız qalması mümkün deyil və dövlətimiz beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirləri görmək hüququnu özündə saxlayır.
Azərbaycan regionda sülh və sabitliyin qorunmasının tərəfdarıdır və bu istiqamətdə konstruktiv mövqeyini davam etdirir. Azərbaycan sülh tərəfdarı olan, lakin eyni zamanda öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qətiyyətlə müdafiə edən güclü dövlətdir. Regionda davamlı sabitliyin təmin olunması üçün bütün dövlətlərin məsuliyyətli davranması, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir. Təxribat xarakterli addımlar isə yalnız qarşıdurmanı dərinləşdirir və əməkdaşlıq imkanlarını zəiflədir.
Nəticə etibarilə, baş verən hadisələrin obyektiv şəkildə araşdırılması, məsuliyyətin müəyyənləşdirilməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan daim beynəlxalq hüquqa əsaslanan siyasət yürütmüş və regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çalışmışdır. Ölkəmiz bundan sonra da bu prinsipial mövqeyinə sadiq qalaraq həm öz təhlükəsizliyini təmin edəcək, həm də regionda sabitliyin qorunmasına töhfə verməyə davam edəcəkdir.
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
Asif Əsgərov