“Tottenhem” tarixinin ən çətin dövrlərindən birini yaşayır, “mahmızlar” İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlana bilərlər.
Arena.az xəbər verir ki, klub rəhbərliyi komandanı düşdüyü vəziyyətdən qurtarmaq üzərində baş sındırır.
Vurğulanır ki, klub rəhbərliyi yaranmış çətin vəziyyətdə “mahmızlar”ın baş məşqçisi, xorvat mütəxəssis İqor Tudoru istefaya hələ göndərməmək qərarına gəlib. Onlar Tudorun “mahmızlar”ı Premyer Liqada saxlaya biləcəyinə inanırlar.
Buna baxmayaraq, yaranmış vəziyyətdə London klubunun rəhbərliyi “mahmızlar”ı böhrandan çıxara biləcək yeni baş məşqçi axtarışını da davam etdirir. Bildirilir ki, hazırda İngiltərə klubu italyan mütəxəssis Roberto De Zerbi, argentinalı mütəxəssis Maurisio Poçettino və irland mütəxəssis Robbi Kinlə maraqlanır.
Xatırladaq ki, “Tottenhem” “mahmızlar”ın sükanını cari mövsümün sonuna qədər müddətə xorvat mütəxəssis İqor Tudora həvalə edib, amma komanda özünə heç cür gələ bilmir. İngiltərə Premyer Liqasında 29 oyundan sonra 29 xal toplamış komanda yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb və Çempionşipə yuvarlanmaq təhlükəsi ilə üz-üzədir.
Komandanın uğursuz mövsüm keçirməsi futbolçular arasında da fikir ayrılığı yaradıb. Vurğulanır ki, yayda “mahmızlar”ın düşərgəsini argentinalı mərkəz müdafiəçisi Kristian Romero, niderlandlı mərkəz müdafiəçisi Mikki van de Ven və braziliyalı mərkəz hücumçusu Rişarlison tərk edəcəklər.
Bu arada “mahmızlar”ın keçmiş baş məşqçisi, hazırda ABŞ yığmasının sükanı arxasında olan argentinalı mütəxəssis Maurisio Poçettinonun London komandasının Çempionşipə yuvarlanacağı halda belə, kluba qayıtmağa hazır olduğu iddia edilir. “Poç” “Tottenhem”i 2014–2019-cu illərdə çalışdırıb.
