AZ

Hansı sahədə çalışan qadınların maaşı daha çoxdur?

Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir.


Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.


Deputat qeyd edib ki, qadınlarımızın ən çox çalışdığı sektor təhsildir:


"Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 min 147 nəfərdir. Onun 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Bu, eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər üç qadından biri təhsil sferasında işləyir. Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımızın üstünlük verdiyi ikinci ən böyük sektordur. Ümumi payda 16.2 faiz ilə bu sferada 116 min 976 qadın çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır: burada 95 min 566 qadın vətəndaşımızın əmək müqaviləsi qeydiyyatdan keçib".


V.Bayramovun sözlərinə görə, qadınların ortaaylıq əməkhaqqına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir: "Burada qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşlarımızın ortaaylıq maaşı gəlir: 1813 manat.


Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamamlayır: 1353 manat.


Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların ortaaylıq maaşı 731 manatdır. Hazırda, qadınların ortaaylıq maaşı kişilərin orta əməkhaqqının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir.
 

Süni intellektin və rəqəmsal həllərin inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaqda töhfəsinin daha da artırılması gender siyasətinin əsas istiqamətlərindən olaraq qalmaqdadır".

Tarix: 7 Mart 2026, 14:19   
Seçilən
3
22
pravda.az

10Mənbələr