AZ

Azərbaycanda qadınlar harada çalışır, nə qədər maaş alır? RƏQƏMLƏR

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sabah Beynəlxalq qadınlar günüdür. Hazırda dünyanın 26 ölkəsində, o cümlədən Azərbaycanda "8 Mart" rəsmi bayram günü kimi qeyd olunur. Ötən il Azərbaycanda doğulan körpələrin 53,1 faizini oğlanlar, 46,9 faizini isə qızlar təşkil edib. Həmçinin ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir. 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına görə, ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul kişilərin sayı isə 2 milyon 615 min nəfər təşkil edir. İşçi qüvvəsində qadınların ümumi sayı isə 2 milyon 571 mindir.

Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Belə ki, hazırda əmək müqaviləsi ilə çalışan qadınların sayı 722 min 147 nəfərdir. Onların 242 min 801 nəfəri təhsil sahəsində fəaliyyət göstərir. Bu göstərici muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Başqa sözlə, əmək müqaviləsi ilə çalışan hər üç qadından biri təhsil sektorunda işləyir.

Qadınların üstünlük verdiyi ikinci böyük sahə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsidir. Bu sektorda 116 min 976 qadın çalışır ki, bu da ümumi payın 16,2 faizini təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadın vətəndaşın əmək müqaviləsi qeydiyyata alınıb.

Qadınların orta aylıq əmək haqqısına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınır. Bu sahədə qadın işçilərin orta aylıq əmək haqqı 2915 manatdır. Növbəti yerlərdə maliyyə və sığorta fəaliyyəti gəlir. Belə ki, bu sahədə çalışan qadınların orta aylıq maaşı 1813 manatdır. İlk üçlüyü informasiya və rabitə sektoru tamamlayır. Burada qadınların orta aylıq əmək haqqı 1353 manat təşkil edir.

Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda qadınların orta aylıq əmək haqqısı kişilərin orta əmək haqqısının 68,9 faizinə bərabərdir. Başqa sözlə desək, eyni və ya oxşar sahələrdə çalışan qadınlar kişi həmkarlarına nisbətən orta hesabla 31,1 faiz daha az maaş alır. Qlobal miqyasda isə bu nisbət daha azdır, təxminən 77-80 faiz təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
3
modern.az

10Mənbələr