"Azərbaycanda qadınların ən çox çalışdığı sahə təhsil sektorudur".
Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların ümumi sayı 2 milyon 571 min nəfər təşkil edir.
Deputat bildirib ki, hazırda əmək müqaviləsi ilə çalışan qadınların sayı 722 min 147 nəfərdir:"Onlardan 242 min 801 nəfəri təhsil sektorunda çalışır. Bu isə ümumi muzdlu qadın işçilərin 33,6 faizi deməkdir. Yəni əmək müqaviləsi ilə çalışan hər üç qadından biri təhsil sahəsində fəaliyyət göstərir.Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınların üstünlük verdiyi ikinci böyük sektordur. Bu sahədə 116 min 976 qadın vətəndaş çalışır ki, bu da ümumi payda 16,2 faiz təşkil edir.İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb".
Qadınların orta aylıq əmək haqqısına gəlincə, deputat qeyd edib ki, ən yüksək maaş mədənçıxarma sənayesində təklif olunur:"Bu sahədə çalışan qadınların orta aylıq əmək haqqı 2915 manatdır.Daha sonra maliyyə və sığorta fəaliyyəti sahəsi gəlir. Bu sektorda çalışan qadınların orta aylıq maaşı 1813 manat təşkil edir. İlk üçlüyü isə informasiya və rabitə sektoru tamamlayır. Bu sahədə qadınların orta aylıq əmək haqqı 1353 manatdır.
Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır". Deputat həmçinin vurğulayıb ki, hazırda qadınların orta aylıq əmək haqqısı kişilərin orta əmək haqqısının 68,9 faizinə bərabərdir. Halbuki qlobal səviyyədə bu göstərici 77–80 faiz civarındadır.
Xalidə Gəray
Musavat.com