“Sumqayıt” Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Karvan-Yevlax”la heç-heçə edib – 1:1
Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Saşa İliç mətbuat konfransında oyunu dəyərləndirib:
– Bu gün akademiyanın yetirmələrinə şans verməyə çalışdıq. Bu heyətlə də çempionatı davam etdirəcəyik.
– İndiki durumda daha çox təcrübəli futbolçulara şans vermək doğru olmaz?
– Rəhbərlikdən gələn tapşırıqdır. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin. Kifayət qədər səhvlərə yol verdik. Keyfiyyətsiz oyun alındı. Penaltini də dəyərləndirə bilmədik. Oyundan narazıyam.
– Dediz ki, bu heyətlə davam edəcəyik. Amma bu heyət autsayderlə bacarmır. Sizin üçün çətin olmayacaq?
– Baxacağıq. Gənc futbolçular oyun təcrübəsi qazanandan sonra dəyişikliklər olacaq.
– Klub strategiyanı dəyişir?
– Verilən qərara hörmətlə yanaşıram. Mövcud heyətlə işləməliyəm.
– İctimaiyyətdə belə fikirlər var ki, mövsümün sonunda sizinlə yollar ayrılacaq. Bu iddialar nə dərəcədə doğrudur?
– Mövsümün sonuna hələ var. Hələ ki davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacam. Mənim müqaviləm mövsümün sonuna kimidir. Transferlə bağlı məsələlər məndən asılı deyil.
– Akademiyanın yetirmələrinə şans verilməsi klubun gələcəklə bağlı uzunmüddətli planlarının olmasından xəbər verir?
– Bizim güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Klubun qərarını başa düşürəm. Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq.
– Komandanın çətin günlərində rəhbərliyin dəstəyini hiss edirsiz?
– Biz hamımız komanda üçün çalışırıq. Mövsümə yaxşı start verdik, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim oldu, onlar da alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər.
– İkinci penaltini niyə Səbuhi Abdullazadə yox, Rüstəm Əhmədzadə vurdu?
– Bu, oyunçuların öz aralarında verdiyi qərar idi. Onların qərarına qarışmıram.