AZ

ABŞ–İsrail arasında gərginlik: İranın neft obyektlərinə zərbə narazılıq yaratdı

ABŞ administrasiyası İsrailin İranın neft infrastrukturuna endirdiyi zərbələrin miqyasından narazılığını ifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ İsrailin şənbə günü İranın 30 yanacaq anbarı obyektinə zərbə endirəcəyini gözləmirdi. Portal qeyd edir ki, bu hadisə müharibə başlayandan bəri müttəfiqlər arasında ilk ciddi fikir ayrılığına səbəb olub.

Amerika tərəfi hesab edir ki, belə hücumlar İran cəmiyyətini birləşdirə, Tehrandakı hakimiyyətə dəstəyi gücləndirə və eyni zamanda dünya bazarında neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

Məlumatda bildirilir ki, İsrail bu obyektləri vurmaq planları barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırıb. Lakin ABŞ ordusu daha məhdud və kiçik miqyaslı zərbələr gözləyirdi.

“Bunun yaxşı fikir olduğunu düşünmürük”, – deyə ABŞ rəsmilərindən biri bildirib.

Portalın məlumatına görə, Vaşinqton və Təl-Əviv bu məsələ ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Bundan əlavə, ABŞ prezidentinin kürəkəni Jared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun martın 10-da İsrailə səfər etməsi planlaşdırılır.

 

Musavat.com

Seçilən
78
46
musavat.com

10Mənbələr