İsrail Hərbi Hava Qüvvələrinin ötən həftəsonu Tehranın strateji neft infrastrukturuna endirdiyi sarsıdıcı zərbələr paytaxtda ciddi yanacaq qıtlığına və ekoloji fəlakətə səbəb olub.
Musavat.com xəbər verir ki, "Associated Press" (AP) və digər beynəlxalq agentliklərin məlumatına görə, Tehranın yanacaqdoldurma məntəqələrində sərt qənaət rejiminə keçilib.
Martın 8-dən etibarən Tehran qubernatorluğunun qərarı ilə şəxsi yanacaq kartları üçün limit 30 litrdən 20 litrə (bəzi mənbələrə görə isə 10 litrə) endirilib. Hazırda şəhərin demək olar ki, bütün yanacaqdoldurma məntəqələrində (YZM) kilometrlərlə uzanan növbələr yaranıb, sürücülər yanacaq almaq üçün saatlarla gözləməli olurlar.
Vəziyyəti ağırlaşdıran digər amil isə zərbələrdən sonra yaranan ekoloji durumdur:
Toksik duman: Şəhran, Əqdasiyə və digər ərazilərdəki yanacaq anbarlarının vurulması nəticəsində paytaxt səmasını qatı qara tüstü bürüyüb.
"Qara yağış": Yanan neft məhsullarının atmosferə yayılması nəticəsində Tehranda toksik maddələrlə zəngin "qara yağış" yağıb. İran Qırmızı Aypara Cəmiyyəti sakinləri küçəyə çıxmamağa, dərini və tənəffüs yollarını qorumağa çağırıb, çünki bu yağış kimyəvi yanıqlara və ağciyər zədələnmələrinə yol aça bilər.
İtkilər: Yanacaq paylama şəbəkəsinin vurulması zamanı ən azı 4 dövlət əməkdaşının həlak olduğu bildirilir.
Pentaqon rəsmiləri bu zərbələrin İranın hərbi logistikasını iflic etmək məqsədi daşıdığını bildirir, lakin Tehran qubernatoru Məhəmməd Sadiq Mötəmədi yanacaq təchizatındakı fasilələrin "müvəqqəti" olduğunu və problemin 2-3 gün ərzində həll ediləcəyini iddia edib.
Musavat.com