“İranda və regionda davam edən müharibə təkcə hərbi-siyasi müstəvidə deyil, həm də qlobal iqtisadi sistemdə ciddi təsirlər yaradır. Bu təsirlərin ən mühüm istiqamətlərindən biri enerji bazarıdır. Xüsusilə neft və qaz qiymətlərinin artması dünya iqtisadiyyatının diqqət mərkəzinə çevrilib. Müharibənin uzanması enerji bazarlarında qeyri-müəyyənliyi artırır və bu da qiymətlərin yüksəlməsi ilə nəticələnir”.
Ölkə.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu prosesdə əsas amillərdən biri də Hörmüz boğazı ətrafında yaranan təhlükəsizlik riskləridir. “Hörmüz boğazı dünya enerji sisteminin ən strateji nöqtələrindən biri hesab olunur. Dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi, yəni 20–21 milyon barreli məhz bu boğazdan keçir. Bu səbəbdən regionda baş verən hərbi və geosiyasi gərginliklər, xüsusilə də bu marşrutun bağlanması ehtimalı qlobal enerji bazarına dərhal təsir göstərir və qiymətlərin sürətlə artmasına səbəb olur”, - o qeyd edib.
Deputat əlavə edib ki, son dövrlərdə neftin bir barelinin qiymətinin 89 dolları keçməsi, may ayı üçün fyuçers qiymətlərinin isə 116 dollar səviyyəsinə yüksəlməsi bu tendensiyanın açıq göstəricisidir: “Eyni zamanda təbii qaz bazarında da qiymət artımı müşahidə olunur. Enerji bazarındakı bu dəyişikliklər qlobal iqtisadiyyat üçün həm risklər, həm də yeni iqtisadi imkanlar yaradır.
Neft ixrac edən ölkə kimi Azərbaycan üçün isə bu proses xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji ixracı əsasən Bakı–Tbilisi–Ceyhan və digər alternativ marşrutlar vasitəsilə həyata keçirilir və ölkənin ixrac infrastrukturu Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymətlər yüksəldikdə Azərbaycan fiziki nəqliyyat marşrutlarında problem yaşamadan neftini daha yüksək qiymətə sata bilir.
Statistik göstəricilərə nəzər saldıqda bu imkan daha aydın görünür. 2025-ci ildə Azərbaycan təxminən 23 milyon ton, yəni təxminən 169 milyon barrel neft və kondensat ixrac edib. Dövlət büdcəsinin hesablanması zamanı isə neftin baza qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. Qlobal bazarda qiymətin bu səviyyədən əhəmiyyətli dərəcədə yüksək olması ölkənin ixrac gəlirlərinin və büdcə imkanlarının genişlənməsi deməkdir.
Sadə hesablamalara görə, neftin orta qiymətinin bir barel üçün 100 dollar olması Azərbaycanın ixrac gəlirlərini təxminən 5–6 milyard dollar artıra bilər. Qiymətin 120 dollara yüksəlməsi isə bu artımı 8–9 milyard dollara qədər çatdıra bilər. Əgər qiymətlər daha da yüksələrək 150 dollar səviyyəsinə çatarsa, əlavə ixrac gəlirlərinin 12–14 milyard dollara qədər artması mümkündür. Lakin bu hesablamalar qiymətlərin qısa müddətli sıçrayışı deyil, müəyyən müddət ərzində bu səviyyədə qalması ssenarisi üçün keçərlidir.
Eyni zamanda, Maliyyə Nazirliyinin büdcə hesablamalarına görə neftin bir barelinin qiymətinin hər 10 dollar artması dövlət büdcəsi gəlirlərini təxminən 400 milyon manat artırır. Hazırda büdcə hesablamalarında baza qiymətinin 65 dollar götürüldüyünü nəzərə alsaq, neftin 100 və 120 dollar səviyyəsində olması büdcə gəlirlərini müvafiq olaraq təxminən 1,4 milyard və 2,2 milyard manat artırmaq potensialına malikdir.
Belə bir vəziyyət Azərbaycanın ticarət balansını gücləndirə, valyuta ehtiyatlarının artmasına və büdcə dayanıqlığının möhkəmlənməsinə səbəb ola bilər. Lakin bu prosesin yalnız müsbət tərəfləri yoxdur. Enerji qiymətlərinin artması çox vaxt qlobal inflyasiyanı sürətləndirir, dünya iqtisadiyyatında tələbin azalmasına və iqtisadi qeyri-müəyyənliyin artmasına gətirib çıxarır.
Digər tərəfdən, Azərbaycanın idxalının təxminən yarısı regional müharibənin təsir dairəsində olan ölkələrdən həyata keçirilir. Bu isə logistika xərclərinin artmasına, idxal mallarının bahalaşmasına və daxili bazarda inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər.
Beləliklə, İran ətrafında baş verən müharibə qlobal enerji bazarında ciddi dalğalanmalar yaratsa da, qısa və orta müddətdə Azərbaycan üçün əlavə neft gəlirləri baxımından müəyyən iqtisadi imkanlar yaradır. Lakin bu üstünlük daha çox regional gərginlikdən doğan müvəqqəti fiskal üstünlük kimi qiymətləndirilməlidir.
Bu baxımdan ən rasional yanaşma əldə olunan əlavə gəlirlərin strateji ehtiyatların artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsidir. Bu, həm neft qiymətlərinin dəyişkənliyindən asılılığı azaltmağa, həm də uzunmüddətli iqtisadi sabitliyi təmin etməyə imkan yaradır. Azərbaycanın son illərdə həyata keçirdiyi qeyri-neft sektorunun inkişafı siyasəti də məhz bu strateji yanaşma ilə uzlaşır.
Nəticə etibarilə, regionda baş verən müharibə qlobal enerji bazarında yeni reallıq yaradır. Bu reallıq Azərbaycan üçün müəyyən dövr ərzində fiskal üstünlüklər formalaşdıra bilər. Lakin bu imkanlardan səmərəli istifadə olunması ölkənin uzunmüddətli iqtisadi dayanıqlığının təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyır”.
Mürtəza