SOCAR-ın “yaşıl istiqraz”larının 4-cü faiz ödənişi edilib
Mart ayının 10-u SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə 4-cü faiz ödənişi edilib. (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir.)
“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 4-cü faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb və investorların ümumi gəliri
12 milyon ABŞ dollarına yüksəlib.
2025-ci ilin 15 yanvar tarixində ölkəmizin “yaşıl” enerji sahəsində atdığı strateji addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən emissiya edilmiş “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub.
Ötən ilin 7 mart tarixindən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl istiqraz”ları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 22 milyon ABŞ dollarından artıq məbləğdə 447 ədəd əqd bağlanıb.
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında aparılan ticarət həcmi 97,6 milyon ABŞ dollarıdır. Bağlanan əqdlərin ümumi sayı isə 1620-dir (BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 32,7%-ini təşkil edib.)
Qeyd edək ki, SOCAR İstiqrazlarının ilk buraxılışından (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 56 milyon 125 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
“ABB İnvest” investisiya şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonuna qədər sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq.
Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.