AZ

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb

Bakı, 10 mart, AZƏRTAC

Bu ilin iki ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 172 min 675 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29 faiz idisə, cari ilin müvafiq dövründə bu rəqəm 42 faizə yüksəlib.

Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqə, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Seçilən
16
15
azertag.az

10Mənbələr