Bakı, 12 mart, AZƏRTAC
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon dollar təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin mart sayına dair ilkin göstəricilərinə istinadla xəbər verir ki, bu dövrdə yeyinti məhsulları üzrə ixrac 30,5 faiz artaraq 200,6 milyon dollara bərabər olub.
İcmala əsasən, cari ilin yanvar-fevral aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 328,6 faiz, pambıq iplik 158,7 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 110,8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 37,4 faiz, pambıq lifi 33,3 faiz, meyvə-tərəvəz 32,7 faiz, spirtli və spirtsiz içkilər 10,9 faiz, çay 5,1 faiz artıb.
2026-cı ilin yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac 34,6 faiz artaraq 160,9 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 22 faiz artaraq 52,5 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 31,2 faiz artaraq 213,4 milyon dollara bərabər olub.