AZ

Bakı, Sumqayıt və Gəncədə qəzalı binaların sayı açıqlanıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 26 oktyabr tarixli 847s nömrəli Sərəncamına əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə hər il dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılır.

Nəzərə çatdırılıb ki, yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Nazirlər Kabinetinin tapşırıqları əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahıları tərtib edilib. Yaradılmış işçi qrupu tərəfindən aparılan araşdırmalara əsasən Bakı şəhərində 228 ünvanda 7170 mənzil, Sumqayıt şəhərində 21 ünvanda 464 mənzil və Gəncə şəhərində 11 ünvanda 708 mənzil olmaqla ümumilikdə 260 ünvan üzrə qəzalı binalarda 8342 mənzil aşkar edilib. Həmin binaların 159-dan dövlət vəsaiti, 84-dən investor vəsaiti, 17-sinin isə həm dövlət, həm də investor vəsaiti hesabına sakinlərin köçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun mümkün olduğu ərazilərdə yeni binaların tikintisi nəzərdə tutulur.

Bildirilib ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı binalarda yerləşən 8342 mənzildən məskunlaşmış ailədən 655-i dövlət vəsaiti hesabına, 493-ü isə özəl investor hesabına olmaqla, ümumilikdə 1148 ailə köçürülüb.

Eyni zamanda, Sabunçu rayonunda 46 qəzalı yaşayış binasından (782 mənzil) 27 bina (505 mənzil) üzrə məskunlaşmış ailələrin yeni mənzillərlə dövlət vəsaiti hesabına, 19 bina (277 mənzil) üzrə məskunlaşmış ailələrin isə yeni mənzillərlə investor vəsaiti hesabına təmin edilməsi nəzərdə tutulur.

Hazırda 782 mənzildə məskunlaşmış ailələrdən 123 mənzildə məskunlaşmış ailələrin dövlət vəsaiti hesabına köçürülməsi başa çatdırılıb:

“Yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıqları əsasında mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən çoxmənzilli yaşayış binalarına texniki baxış keçirilərək müvafiq rəylərin verilməsi təmin edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
6
apa.az

9Mənbələr