İraq neft tankerləri ABŞ və ya İsrail ilə əlaqəsi olmadığı halda Hörmüz boğazından keçə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Kurdistan24" məlumat yayıb.
Məlumata görə, İran tərəfi İraq ticarət gəmiləri ilə bağlı mövqeyini açıqlayaraq bildirib ki, gəmi haqqında tam məlumat təqdim edildiyi, eləcə də yola düşmə nöqtəsi və son təyinat yeri açıq şəkildə göstərildiyi halda İraq tankerlərinin keçidinə maneə yaradılmayacaq.
İran səfiri vurğulayıb ki, gəmilərin və ya onlara sahib olan şirkətlərin ABŞ və ya İsraillə heç bir əlaqəsi olmamalıdır.
“Bu gəmilərin və ya onlara sahib olan şirkətlərin Amerika Birləşmiş Ştatları və ya İsrail ilə heç bir əlaqəsi və ya bağlılığı olmamalıdır”, – deyə səfir bildirib.
O həmçinin İran və İraq arasında yüksək səviyyədə qarşılıqlı anlaşma və koordinasiyanın mövcud olduğunu qeyd edib.
Səfir beynəlxalq su yolunun bağlanması ilə bağlı yayılan şayiələri də təkzib edərək bildirib: “Biz Hörmüz boğazını bağlamamışıq”.
Xatırladaq ki, daha əvvəl İranın zərbələri nəticəsində İraq sularında iki neft tankeri yanğına məruz qalmışdı. Hadisə nəticəsində bir dənizçi həlak olmuş, 38 nəfər isə xilas edilmişdi. Bundan sonra İraq neft limanlarında əməliyyatları tamamilə dayandırmışdı.
Aminə ŞAHSUVARQIZI