“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 24-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Şamaxı”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Sərt bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Milli komandaların oyunlarına görə yaranacaq fasiləyə qədər bir oyunumuz qaldı. Yorulmuşuq. Amma istəməzdim fasilə olsun”.
Abbasov klubların tez-tez məşqçi dəyişməsini də tənqid edib:
“Bir klubun inkişafı pillə-pillə omalıdır. Ötən mövsüm əsas oyunçularımızın çoxunu itirdik. Yeni futbolçular gəldilər. Onları da komandada saxlamaq çətin olacaq. Bu gün 90 faiz klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır. Biz nə vaxta kimi özümüzə qiymət verməyəcəyik, gördüyümüz işlər də nəticəsiz qalacaq. Təbii ki, xarici məşqçilər də lazımdır. Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Məşqçilərin tez-tez dəyişməsi çarə deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir”.
