AZ

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək

COP prosesi Birləşmiş Millətlər Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı tərəfləri bir araya gətirir.


Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında keçirilən brifinqdə bildirib.


Nazir müavini qeyd edib ki, Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməklə ölkənin müstəqillik tarixində ən mühüm beynəlxalq tədbirlərdən birini təşkil edib. Onun sözlərinə görə, əldə olunan nəticələr COP prosesində əlamətdar mərhələ kimi yadda qalıb.

Y.Rəfiyev vurğulayıb ki, COP çərçivəsində yüksəksəviyyəli çempionlar mühüm rol oynayır və onların fəaliyyəti hökumətlərarası danışıqları qeyri-dövlət aktorlarının töhfələri ilə tamamlayır.

“COP29 zamanı COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai danışıqlar prosesinə və siyasi müzakirələrə fəal dəstək göstərdi. Xüsusilə iqlim maliyyəsi məsələlərinin müzakirəsində özəl sektorun və vətəndaş cəmiyyətinin prosesə cəlb olunması istiqamətində mühüm işlər görüldü”, – deyə nazir müavini bildirib.

Y.Rəfiyev qeyd edib ki, iqlim maliyyəsi mövzusu yalnız hökumətlər arasında müzakirə edilən məsələ deyil, bu sahədə qeyri-dövlət tərəfdaşlarının rolu da böyükdür.

O, həmçinin Türkiyədə keçiriləcək COP31-ə hazırlıq prosesinə də toxunaraq bildirib ki, bu tədbirin yüksəksəviyyəli çempionu olan Samet Arvas iqlim sahəsində zəngin təcrübəyə malikdir və artıq müxtəlif maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.

Nazir müavini əlavə edib ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in təyin olunmuş prezidenti kimi hazırlıq prosesinə fəal şəkildə rəhbərlik edir.

Y.Rəfiyevin sözlərinə görə, Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması istiqamətində əməkdaşlığı davam etdirəcək.

Seçilən
11
8
ekologiya.az

10Mənbələr