"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə "İmişli"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 5:0 hesablı qələbəni belə şərh edib:


“Qələbəyə görə çox xoşbəxtəm. Bu meydançada oynamaq çox çətindir. Bütün komandalar burada çətinlik çəkirlər. 10-15 metr məsafədən ötürmə verəndə top sıçrayır. Qələbə münasibətilə bütün "Sabah" ailəsini təbrik edirəm. Bu oyunu unudub qarşıdakı "Sumqayıt"la matça köklənəcəyik.


Futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirirlər. Artıq bizim öz kimliyimiz, öz tərzimiz yaranıb. Oyunçularımız bu sistemə uyğunlaşırlar. Üç gənc futbolçumuz (Xəyal Əliyev, Umarali Rahmonaliyev, Aaron Maluda) 15 dəfə fərqlənib. Çempionatın bu hissəsində oyunçuları fərqləndirmək istəməzdim. Kim meydana çıxırsa, bizə böyük fayda verir. Kahim Parris bir müddət oynamadı. Son iki matçda isə 3 qol vurub. Jesse Sekidika zədədən yeni qayıdıb. Oynadıqca formasını bərpa edir. Onlar məsuliyyəti öz üzərlərinə götürürlər. Öz işimizə, futbolçulara güvənirik. Onlar da bizə inanırlar. Düşünürəm ki, daha da yaxşısını edə bilərik. Çünki komandanın buna potensialı var. Çalışmaq və prosesə inanmaq lazımdır”.