Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığmamız səfərdə Monteneqro milli komandası ilə üz-üzə gəlib.
Yığmamız bu görüşdə növbəti məğlubiyyətinə üzülüb. Basketbolçularımız meydanı 35:94 hesablı məğlubiyyətlə tərk ediblər.
Xatırladaq ki, Azərbaycan millisi Monteneqro yığmasına qarşı keçirdiyi ev oyununda da 62:104 da hesabı ilə məğlub olmuşdu.
Azərbaycan yığması daha əvvəl Bolqarıstana da hər iki oyunda uduzub – 48:141, 40:120. Komandamız Ukrayna yığması ilə görüşdən də məğlubiyyətlə ayrılıb – 34:98.
Yığmamız yer aldığı E qrupunda 5 xalla sonuncu – dördüncü sırada qərarlaşıb. Qrupa 10 xala malik Bolqarıstan yığması liderlik edir. Monteneqronun 8, Ukraynanın 7 xalı var.
Azərbaycan millisi bu qrupdakı növbəti və sonuncu görüşünü martın 17-də Bakıda məhz Ukrayna yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, basketbol üzrə növbəti Avropa çempionatının final mərhələsi 2027-ci ildə təşkil ediləcək.
