AZ

Müctəba Xameneinin yaralanması ilə bağlı İLGİNC PROQNOZ – İnformasiya savaşı, yoxsa reallıq?

Son günlər mediada İranın yeni ali lideri Müctəba Xameneinin ABŞ və İsrailin hücumu zamanı ağır yaralandığı, daha sonra isə müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə iddialar yayılıb. Bu məlumatlarla bağlı Dmitri Peskov isə açıqlama verməkdən imtina edib. Məsələ ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Bəs bu məlumatların ortaya çıxması nə ilə bağlıdır və doğrudanmı İran liderinin Rusiyada müalicə alması ehtimalı realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda ABŞ və İsrail ilə İran arasında açıq müharibə vəziyyəti mövcuddur və hərbi əməliyyatlarla yanaşı informasiya savaşı da aparılır.

Ukrayna

Onun sözlərinə görə, qarşı tərəfə yönəlik müxtəlif iddiaların ortaya atılması bu informasiya müharibəsinin tərkib hissəsidir:

“Hazırda hərbi əməliyyatlar davam edir. Bununla paralel olaraq informasiya savaşı da aparılır və qarşı tərəfə yönəlik önəmli iddialar irəli sürülür. ABŞ və İsrail tərəfi İran liderinin yaralandığını və Moskvaya aparıldığını iddia edir. Ancaq bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Ona görə də onların nə dərəcədə doğru və ya yanıltıcı olduğunu demək çətindir. Bunun üçün ya rəsmi Tehran, ya da Rusiya siyasi dairələri məlumat verməli, iddiaları ya təsdiq etməli, ya da təkzib etməlidirlər”.

Politoloq qeyd edib ki, rəsmi açıqlama olmadığı üçün yayılan məlumatları hələlik təsdiqlənmiş fakt kimi qəbul etmək mümkün deyil.

“Elə buna görə də hazırda yayılan informasiyaları daha çox təkzib olunmamış iddialar kimi qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, İran tərəfi də informasiya müharibəsində fəaldır. Məsələn, rəsmi Tehran bir müddət əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun sağ olmadığını iddia etmişdi. Bundan sonra İsrail tərəfi bunu təkzib etmək üçün Netanyahu ilə bağlı video yayımladı. Lakin növbəti informasiya addımında rəsmi Tehran həmin videonun süni intellektlə hazırlandığını açıqladı”.

Elçin Xalidbəyli hesab edir ki, hazırkı mərhələdə tərəflər bir-birinə qarşı oxşar informasiya üsullarından istifadə edirlər:

“Ümumilikdə hər iki tərəf bir-birinə qarşı analoji addımlar atır. Bu, açıq şəkildə informasiya savaşıdır. Həqiqətin nədən ibarət olduğunu isə hələlik demək mümkün deyil. Yəqin ki, növbəti mərhələdə real vəziyyət tədricən ortaya çıxacaq”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
47
50
konkret.az

10Mənbələr