AZ

Cümə günü niyə müqəddəs sayılır? – İlahiyyatçı CAVABLADI

İslam inancına görə, həftənin ən müqəddəs və ən fəzilətli günü məhz cümə günüdür.

Bu gün müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyır. Cümə günü edilən ibadətlərin - dua, namaz və Qurani-Kərim tilavətinin savabının daha çox olduğu deyilir. Yəni müsəlmanlar hər həftənin cümə gününü müqəddəs hesab edərək, həmin gündə pis əməllər etməkdən çəkinirlər. 

Maraqlıdır, cümə günü nə üçün müqəddəs sayılır? Onu digər günlərdən fərqləndirən səbəblər nələrdir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, cümə günün insanın xəlq olduğu haqda hədislər var: 


“Cümə namazı müsəlmanların həftəlik toplum ibadəti də bu günə təvafüq edir. Həmçinin, Adəmin cümə günü Cənnətə daxil olduğu və Cənnətdən çıxdığı gün kimi də xarakterizə edilir. Eyni zamanda, peyğəmbərlərlə bağlı bir çox əlaqədar hadisənin bu gündə baş verdiyi haqda qeydlər var. Qiyamətin də bu gündə baş verəcəyi bildirilir”.

Lakin mütəxəssis diqqətə çatdırıb ki, Quranda cümə günü ilə bağlı yalnız cümə namazından bəhs olunur:
“Cümlənin fəlsəfəsi odur ki, il ərzində Ramazan kimi müxtəlif əlamətdar aylar olduğu kimi ay ərzində də cümə günü əlamətdardır. Həftəlik toplum ibadət həyata keçirilir və müsəlmanların mənəvi istirahəti baş tutur. Allah duaları hər zaman eşidir. Quranda deyilir ki, O sizə şah damarınızdan daha yaxındır. Fəqət cümə günü daha diqqətdə olan və məsuliyyətli gündür. Bu baxımdan, həmin günün ibadət və dualarının əhəmiyyəti və məsuliyyəti bir qədər çoxdur”.

Günel Cəlilova
 

Seçilən
0
33
hit.az

10Mənbələr