Bakı, 18 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 893 kiloqram 456, 646 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47 milyon 855 min manat kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-fevral aylarının yekununa dair məlumatında bildirilib.
Qeyd olunub ki, narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1765 cinayət faktı aşkarlanıb. Onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kiloqram 896 kiloqram 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kiloqram 668,1 qramını marixuana, 99 kiloqram 071,146 qramını heroin, 32 kq 065,49 qramını tiryək, 41 kiloqram 067,14 qramını həşiş, 6 kiloqram 279,1 qramını digər narkotik vasitələr və 69 kiloqram 745,737 qramını psixotrop maddələr təşkil edib.
Qeyd edək ki, Dövlət Komissiyasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-fevral aylarının yekununa dair məlumatı ilə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.