“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Ağdam təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qələbə qazandılar. Bizə azarkeşlik edən xeyli insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur.
Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli qol epizodumuz oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin isə bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.
Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.
Biz qətiyyən rahat, arxayın deyilik. “Kəpəz”lə əvvəlki oyunda komanda bir az yorğun idi. Bu matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər”.
Qurban Qurbanov mübahisəli penalti epizodu barədə də danışıb:
“Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi. Epizodun təkrarına baxdım. Penalti olduğunu düşünürəm. Kamilo Durandan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Orada penalti yoxdursa, heç nə… Görək də nə deyəcəklər? Rauf Cabbarov da sağ olsun.
Rəhim Həsənov da hakimin qərarını təsdiqləyəcək. Ona görə də çox da üzərinə getmək lazım deyil.
Çempionluq uğrunda mübarizəyə mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydir ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz “Sabah”a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq”.
