AZ

“Lufthansa” Yaxın Şərqə uçuşları oktyabradək məhdudlaşdırır

Berlin, 24 mart, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviaşirkəti təhlükəsizlik riskləri səbəbindən Yaxın Şərq istiqamətində bir sıra uçuşları uzun müddətə məhdudlaşdırıb.

AZƏRTAC xəbər verir ki, şirkət Abu-Dabi, Əmman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Muskat və Tehran hava limanlarına reyslərin oktyabrın 24-dək həyata keçirilməyəcəyini açıqlayıb. Qərarın İranla bağlı hərbi gərginlik və əməliyyatlarla əlaqədar olduğu bildirilib.

Məhdudiyyətlər “Lufthansa” qrupu daxilində fəaliyyət göstərən “Swiss”, “Austrian Airlines”, “Brussels Airlines”, “ITA Airways”, “Edelweiss” və “Lufthansa Cargo” şirkətlərinə də şamil edilir. Qrupun digər törəmə şirkəti “Eurowings” isə Beyrut və Ərbil istiqamətlərində uçuşları ilkin olaraq aprelin 30-dək dayandırıb.

Bundan əlavə, Dubay və Təl-Əviv istiqamətlərinə uçuşların mayın 31-dək həyata keçirilməyəcəyi açıqlanıb. “Lufthansa Cargo”nun yük reysləri və “Eurowings”in Təl-Əvivə sərnişin uçuşları isə ilk mərhələdə aprelin 30-dək dayandırılıb.

Aviaşirkət regiondakı vəziyyəti yaxından izlədiyini və qərarların duruma uyğun olaraq yenilənəcəyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
56
5
azertag.az

6Mənbələr