AZ

WUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrini şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir

Aprelin 8-10-da Keniyanın paytaxtı Nayrobidə keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Azərbaycan Hökuməti AUF2-nin təşkilatı məsələlərinə sərf olunması üçün 50000 ABŞ dolları məbləğində maliyyə töhfəsi edib.

Martın 26-da Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri xanım Alis Vahome və Azərbaycanın Keniyadakı səfiri, eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında ölkəmizin daimi nümayəndəsi Sultan Hacıyev AİDA-nın maliyyə töhfəsini rəsmiləşdirən sənəd imzalayıb.

İmzalanma mərasimində mətbuat nümayəndələrinin suallarını cavablandırarkən keniyalı nazir AUF2-yə edilən maliyyə töhfəsinə görə Azərbaycan hökumətinə təşəkkür edib və WUF13-ün ev sahibi qismində Azərbaycan nümayəndə heyətinin AUF2-də xüsusi qonaq olaraq iştirakından məmnun olacaqlarını bildirib.

Səfir Sultan Hacıyev dayanıqlı şəhərsalma və inkişaf sahəsində əməkdaşlığın Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb, iki ölkənin sahə üzrə qlobal və regional çərçivədə birgə səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, WUF13 ərəfəsində keçiriləcək AUF2 Keniya hökuməti, UN-Habitat və Afrika İttifaqı tərəfindən təşkil olunur. Forumda qitədən bir neçə dövlət başçısı, sahə üzrə çoxsaylı nazirlərin daxil olduğu 10 mindən çox iştirakçı gözlənilir.

AUF2-da WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin iştirakı gözlənilir. Eyni zamanda, sahə üzrə QHT-lərin əməkdaşlığını təmin etmək məqsədilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın da iştirakı nəzərdə tutulur.

Seçilən
10
6
ikisahil.az

7Mənbələr