17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Litvanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, sözügedən komandalar Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində üz-üzə gələcəklər.
B Liqasının 2-ci qrupunda yer almış millimiz bu rəqiblə Bolqarıstanın Plovdiv şəhərində qarşılaşacaq. “Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 13:00-da start veriləcək. Oyunu Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda meydan sahibi Bolqarıstan yığması ilə qarşılaşmışdı. Həmin matçda qalib müəyyənləşməmişdi – 1:1. Litva isə ilk turda Maltanı 3:1 hesabıyla üstələmişdi. U-17 millimiz sonuncu turda Malta ilə qarşılaşacaq. Bu oyun martın 30-da keçiriləcək.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, 2-ci qrup
27 mart
13:00. Litva – Azərbaycan
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan).
Plovdiv. Nikola Şterev-Starika İdman Kompleksi.
