AZ

Gənc qadınların yaşlı kişi “həvəsi”nin SİRRİ: Niyə BELƏ OLUR?

Son illərdə cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biri də gənc qadınların özlərindən xeyli yaşlı kişilərlə ailə qurmasıdır. Bu seçim bəzən maraq, bəzən isə tənqid doğurur. Bəs bu tendensiyanın arxasında hansı psixoloji və sosial səbəblər dayanır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Dilrubə Həsənova bildirib ki, bu sualın tək və sadə cavabı yoxdur:

“Bu məsələni ümumiləşdirib izah etmək doğru olmaz. Mən ümumiyyətlə yaş fərqinin özünü problem kimi görmürəm. Münasibətin sağlam və ya problemli olmasını müəyyən edən əsas faktor yaş deyil, iki insanın xarakteri, dünyagörüşü və bir-birinə yanaşma tərzidir”.

Psixoloqun sözlərinə görə, yaşca böyük kişilər bəzən daha oturuşmuş, səbirli və az impulsiv göründükləri üçün qadınlarda güvən hissi yaradır:

“Bu, qadında “məni anlayar, qoruyar və mənə yük olmaz” düşüncəsi formalaşdıra bilər. Amma bu görüntü hər zaman reallığı əks etdirmir. Bəzi qadınlar yaşıdlarında tapa bilmədiyi yetkinliyi və məsuliyyəti daha yaşlı kişilərdə görür. Bəzən isə uşaqlıqdan gələn emosional boşluqlar və güvən ehtiyacı bu seçimə təsir edir. Amma bunu hər kəsə aid etmək düzgün deyil”.

Sosial amillərin də bu seçimdə mühüm rol oynadığını deyən mütəxəssis əlavə edib ki, maddi sabitlik, sosial status və həyat təcrübəsi kimi faktorlar bir çox qadın üçün cəlbedici görünür:

“Xüsusilə, qeyri-müəyyənliyin çox olduğu cəmiyyətlərdə bu seçim bəzən romantikadan çox, həyat strategiyasına çevrilir. Burada söhbət yalnız hisslərdən deyil, eyni zamanda təhlükəsizlik və sabitlik ehtiyacından gedir”.

Bununla belə, psixoloq yaş fərqi olan münasibətləri nə ideal, nə də problemli kimi qiymətləndirməyin doğru olmadığını vurğulayıb:

“Belə münasibətlər bəzən çox sağlam və stabil olur, bəzən isə nəsil fərqi, həyat mərhələlərinin uyğun gəlməməsi, güc balansı və qərarvermədə bərabərlik kimi problemlər yarada bilir. Bu isə daha çox münasibətin necə qurulmasından asılıdır.

Qadın yaşca böyük kişini hər zaman sevgi ilə seçmir. Bəzən sadəcə özünü daha rahat, güvənli və dəyərli hiss etdiyi münasibətə yönəlir”.

Psixoloq sonda qeyd edib ki, sağlam münasibətin əsas meyarı yaş deyil:

“Əsas olan insanın münasibətdə özünü nə qədər rahat, təhlükəsiz, dəyərli və sərbəst hiss etməsidir. Əgər iki insanın dəyərləri və münasibət dili uyğun gəlirsə, yaş fərqi ikinci plana keçir”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
53
21
konkret.az

10Mənbələr