AZ

Mart soyqırımı yalnız keçmişin faciəsi deyil, gələcəyimiz üçün də ciddi dərsdir ŞƏRH

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, ən ibrətamiz səhifələrindən biri 1918-ci ilin mart-aprel aylarında baş verən soyqırımı hadisələridir. Bu hadisələr yalnız bir dövrün siyasi qarşıdurması deyil, bütöv bir xalqın fiziki məhvinə yönələn planlı və sistemli zorakılıq aktı kimi tarixə həkk olunub. Həmin dövrdə regionda yaranan ciddi siyasi boşluqdan istifadə edən daşnak-bolşevik silahlı dəstələri Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün silahlı qarşıdurmalara başladılar. Bakıda hakimiyyət uğrunda gedən mübarizə fonunda, 1918-ci ilin martında azərbaycanlılara qarşı genişmiqyaslı hücumlar təşkil olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, hadisələr zamanı yalnız Bakı deyil, həm də Şamaxı, Quba, Lənkəran, Qarabağ və digər bölgələrdə minlərlə dinc azərbaycanlı - qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilib. Məscidlər, məktəblər, yaşayış evləri yandırılıb, tarixi və mədəni abidələr dağıdılıb. Şamaxıda onlarla kənd yerlə-yeksan edilib, Qubada isə kütləvi məzarlıqlar formalaşıb ki, bu da hadisələrin miqyasını və qəddarlığını açıq şəkildə sübut edir.

“Hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində atılan mühüm addımlarda Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. Məhz onun təşəbbüsü ilə 1998-ci ildə imzalanan Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu sənəd yalnız bir tarixə siyasi-hüquqi qiymət verilməsi deyil, həm də uzun illər gizlədilən həqiqətlərin dövlət səviyyəsində tanınması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olub. Ulu Öndər bu hadisələri xalqın milli yaddaşının ayrılmaz hissəsi kimi qiymətləndirir, tarixə obyektiv yanaşmanın vacibliyini vurğulayırdı. Onun rəhbərliyi ilə soyqırımı faktlarının araşdırılması, arxiv materiallarının üzə çıxarılması və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli fəaliyyətə başlanılıb. Bu siyasət nəticəsində 31 Mart hadisələri yalnız yerli deyil, beynəlxalq müstəvidə də diqqət mərkəzinə gətirilib”, - deyə deputat vurğulayıb.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini diqqətə çatdıran A.Allahverənov deyib: “Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Quba Soyqırımı Memorial Kompleksi kimi abidələrin yaradılması, beynəlxalq konfransların təşkili və elmi tədqiqatların genişləndirilməsi bu siyasətin bariz nümunəsidir. Çünki 31 Mart soyqırımı yalnız keçmişin faciəsi deyil, bu günümüz və gələcəyimiz üçün də ciddi dərsdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
4
azertag.az

5Mənbələr