JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan tarixinin ən faciəli, eyni zamanda ən ibrətamiz səhifələrindən biri 1918-ci ilin mart-aprel aylarında baş verən soyqırımı hadisələridir. Bu hadisələr yalnız bir dövrün siyasi qarşıdurması deyil, bütöv bir xalqın fiziki məhvinə yönəlmiş planlı və sistemli zorakılıq aktı kimi tarixə həkk olunmuşdur.

1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra imperiyanın dağılması regionda ciddi siyasi boşluq yaratdı. Bu vəziyyətdən istifadə edən daşnak-bolşevik silahlı dəstələri Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün silahlı qarşıdurmalara başladılar. Bakı şəhərində hakimiyyət uğrunda gedən mübarizə fonunda, 1918-ci ilin martında azərbaycanlılara qarşı genişmiqyaslı hücumlar təşkil olundu.

Bu hadisələr zamanı yalnız Bakı deyil, həm də Şamaxı, Quba, Lənkəran, Qarabağ və digər bölgələrdə minlərlə dinc azərbaycanlı qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Məscidlər, məktəblər, yaşayış evləri yandırıldı, tarixi və mədəni abidələr dağıdıldı. Şamaxıda onlarla kənd yerlə-yeksan edildi, Qubada isə kütləvi məzarlıqlar formalaşdı ki, bu da hadisələrin miqyasını və qəddarlığını açıq şəkildə sübut edir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı. 1918-ci ilin iyulunda Fövqəladə Təhqiqat Komissiyası yaradıldı və soyqırımı faktlarının araşdırılmasına başlanıldı. Lakin Cümhuriyyətin qısa ömürlü olması bu prosesin tam şəkildə yekunlaşmasına imkan vermədi.

Sovet dövründə isə bu hadisələrin üzərindən sükutla keçildi, onların mahiyyəti təhrif olundu və ya ümumiyyətlə gizlədildi. Bu tarixi həqiqətlərin üzə çıxarılması və xalqın yaddaşında bərpa olunması yalnız müstəqillik dövründə mümkün oldu.

Məhz bu mərhələdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü ilə 1998-ci il 26 mart tarixində imzalanmış fərmanla 31 mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu sənəd yalnız bir tarixə siyasi-hüquqi qiymət verilməsi deyil, həm də uzun illər gizlədilmiş həqiqətlərin dövlət səviyyəsində tanınması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım idi.

Ulu öndər Heydər Əliyev bu hadisələri xalqın milli yaddaşının ayrılmaz hissəsi kimi qiymətləndirir, tarixə obyektiv yanaşmanın vacibliyini vurğulayırdı. Onun rəhbərliyi ilə soyqırımı faktlarının araşdırılması, arxiv materiallarının üzə çıxarılması və bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli fəaliyyətə başlanıldı. Bu siyasət nəticəsində 31 Mart hadisələri yalnız yerli deyil, beynəlxalq müstəvidə də diqqət mərkəzinə gətirildi.

Bu gün bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Quba Soyqırımı Memorial Kompleksi kimi abidələrin yaradılması, beynəlxalq konfransların təşkili və elmi tədqiqatların genişləndirilməsi bu siyasətin bariz nümunəsidir.

31 Mart soyqırımı yalnız keçmişin faciəsi deyil, bu günümüz və gələcəyimiz üçün də ciddi dərsdir. Bu hadisələr göstərir ki, tarix unudulduqda təkrar oluna bilər. Ona görə də bu kimi faciələrin yaddaşlarda yaşadılması, gənc nəslə doğru və obyektiv şəkildə çatdırılması milli kimliyin və dövlətçilik şüurunun qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX