Martın 20-30-da Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində istər bayram şənlikləri və tətil səyahətləri zamanı, istərsə də respublika ərazisində qeydə alınmış normadan artıq yağışlar nəticəsində müxtəlif səpkili hadisələr qeydə alınıb.
Xezerxeber.az Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən bildirir ki, son dəqiq məlumatlara görə, qeyd olunan tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciət daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko” (Avtonəqliyyat vasitələrinin sığortası) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib. Qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
“Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir.
Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 faizi paytaxt Bakıda, 23 faizi isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”,- deyə ASA-nın məlumatında bildirilib.