AZ

Dubaydan avtomobil gətirmək istədi, 25 min dollar zərərə düşdü

Azərbaycanda sosial şəbəkələr vasitəsilə həyata keçirilən dələduzluq halları getdikcə artmaqdadır. Son aylarda vətəndaşlar xaricdən avtomobil sifariş edərkən ciddi maliyyə itkiləri ilə üzləşirlər. Musavat.com-a müraciət edən Azərbaycan vətəndaşı Vurğun Vəliyev bildirir ki, 2025-ci ilin aprel ayında Dubaydan avtomobil almaq məqsədilə sosial şəbəkələrdə fəaliyyət göstərən “Aslan Dubai Cars” səhifəsi vasitəsilə özünü şirkət sahibi kimi təqdim edən Aslan Qabil oğlu Məmmədovla əlaqə saxlayıb. Bundan sonra Dubaya gedib və razılaşmaya əsasən, orada Aslan Məmmədova şəxsən 12.500 ABŞ dolları məbləğində pul vəsaiti verib. Sonrakı mərhələdə isə əlavə olaraq 13.000 ABŞ dolları ödəyib. Vurğun Vəliyevin sözlərinə görə, əvvəllər Dubayda hərracda iştirak etmədiyinə və dil bilmədiyinə görə Aslan Məmmədovdan xahiş edibər ki, hərraca özü qatılsın. Aslan Məmmədov hərraca qatılaraq Vurğun Vəliyevin puluna, lakin öz adına 4 ədəd “Toyota Aqua” avtomobili alıb.
PictureVurğun Vəliyevi arxayın salıb ki, o, Azərbaycana qayıtdıqdan sonra avtomobilləri də göndərəcək.
“O gündən 8 ay ötüb, lakin Aslan Məmmədov maşınları göndərdi, nə də ödənilmiş pulumu tam olaraq geri qaytarmır. Razılaşmışdıq ki, avtomobillər 25 gün ərzində Azərbaycana gətiriləcək və mənə təhvil veriləcək. Göstərilən müddət ərzində avtomobillər gəlib çıxmadı. Aslan Məmmədova çoxsaylı müraciətlərimə baxmayaraq müxtəlif bəhanələrlə vaxtı uzatdı. Avtomobilləri vermir. Pulumun da bir hissəsini qaytarıb, qalanını da qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Gah deyir ki, Dubayda işçim 8 milyon dollarımı götürüb qaçıb, gah da maşın satıb pulumu qaytaracağını vəd edir. Aslan Məmmədovun qardaşı Asimanın ofisinə də müraciət etmişəm. Bundan sonra mənə 9.000 ABŞ dolları, daha sonra isə əlavə olaraq 7.000 manat pulum qaytarılıb. Aslan Məmmədov mənim ümumilikdə 24.850 manat pulumu aldadıb alıb və geri qaytarmır”.
Musavat.com əməkdaşı məsələ ilə bağlı Aslan Məmmədovun da mövqeyini öyrənib. Dubaydan avtomobil alınması ilə bağlı iddialara münasibət bildirən Aslan Məmmədov açıqlamasında bildirib ki, Vurğun Vəliyev ilə birbaşa münasibəti olmayıb. Onun sözlərinə görə, həmin vaxt Vurğun Vəliyev Dubaya başqa bir şəxs – Tural adlı şəxslə birlikdə gəlib. “Vurğunu şəxsən tanımıram. Onlar Tural adlı bir oğlanla birlikdə gəlmişdilər. Mən də maşınları Turala almışam”, – deyə Aslan Məmmədov bildirib. Aslan Məmmədov qeyd edib ki, Dubayda keçirilən hərrac zamanı alınan avtomobillərlə bağlı sonradan problem yaranıb və maşınlar ləğv olunub, nəticədə onları götürmək mümkün olmayıb. “Sonra Tural mənə dedi ki, pulu qaytaraq. Mən də onların pulunun bir hissəsini qaytarmışam. Yerindəcə təxminən 10 min dollar verdim. Daha sonra 6 min dollar və ya təxminən 6–7 min manat da ödəmişəm”, – deyə o bildirib. Onun sözlərinə görə, hazırda tərəflər arasında qalan borc məbləği təxminən 11 min dollar təşkil edir. “Pul tam ödənilməyəcək kimi bir məsələ yoxdur. Onlara ümumilikdə 16 min dollara yaxın vəsait qaytarmışam. Qalan məbləği də imkan olduqca ödəyəcəyəm”, – deyə Aslan Məmmədov əlavə edib. Aslan Məmmədov yaranmış vəziyyəti isə öz işçisinin pul vəsaitlərini mənimsəyərək qaçması ilə izah edib.
“Yanımda işləyən Murad adlı əməkdaşım bütün maliyyə işlərinə baxırdı. O, həm mühasibat, həm də pul məsələlərini idarə edirdi. Sonradan təxminən 800 min dollar vəsait götürərək qaçıb. Bundan sonra bir çox müştərilərin pulları da mənim üzərimdə qalıb”, – deyə o bildirib. Aslan Məmmədov həmin şəxslə bağlı Dubay polisində də müraciət etdiyini söyləyib. “Bu məsələ ilə bağlı Dubay polisi – Muraqqabat polis şöbəsinə müraciət etmişik. Bir neçə dəfə araşdırma aparılıb, amma hələlik onun yeri müəyyən edilməyib. Deyilənə görə, ölkədən çıxıb və hazırda harada olduğu bilinmir”, – deyə o vurğulayıb. Aslan Məmmədov bildirib ki, müştərilərin pullarının qaytarılması onun üçün prinsipial məsələdir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
36
50
musavat.com

10Mənbələr