AZ

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

Məlum olduğu kimi, ABŞ-İsrail və İran arasında müharibə dünya iqtisadiyyatına ağır təsir göstərib. Bu vəziyyət fonunda ABŞ Rusiyaya qarşı enerji sanksiyalarını tədricən aradan qaldırmağa başlayıb.

ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasına görə, ölkənin Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli üç yük gəmisini sanksiyalar siyahısından çıxarıb.
 

Bu gəmilər "Svyatoy Nikolay" yükdaşıyıcısı, "Fesco Moneron" və "Fesco Magadan" konteyner gəmiləridir. Bundan başqa, Vaşinqton Rusiyaya enerji blokadasında olan Kubaya humanitar yardım göndərməyə də icazə verib.


Qeyd edək ki, İrana qarşı başlanan müharibə düyada yanacağın qiymətinin kəskin artması ilə nəticələnib. Dünya bazarlarında neftin qiyməti 118 dolları keçib. Belədə isə dünya iqtisadiyyatı çətin durumla üz-üzə qalıb. Hətta böhran təhlükəsi də istisna edilmir.

Bəs ABŞ-ın bu addımı dünya iqtisadiyyatını xilas edəcəkmi? Neft ucuzlaşa bilərmi?  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, əslində neftin bahalaşması dünya iqtisadiyyatını heç də məhv etməyib:

“Düzdür, müəyyən daşımalar və istehsal prosesində çətinliklər, bahalaşma var. Lakin bu vəziyyət heç də dünya iqtisadiyyatının iflic vəziyyətə düşməsi demək deyil. 2014-cü il və ondan sonrakı illərdə də neft qiymətində bahalaşmalar olub. Həmin dövrdə “qara qızıl”ın qiyməti daha baha olub. Amma bu dünya iqtisadiyyatının böhranla üzləşməsinə səbəb olmadı”.

Həmsöhbətimizin sözlərinə görə, enerji daşıyıcılarının qiyməti nə qədər sürətlə bahalaşarsa, bir o qədər yüksək templə alternativ enerji mənbələrinə keçid də baş verəcək:

“Ona görə indiki halda da, dünya iqtisadiyyatında böyük bir böhranın olacağından söhbət gedə bilməz”.
 

Bununla yanaşı, ekspert qeyd edir ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılması bütün hallarda neftin qiymətinin  ucuzlaşmasına, dünya iqtisadiyyatının düşdüyü çətinlikdən xilas olmasına gətirib çıxaracaq:


“Rusiyaya qarşı sanksiyaların yumşalması, bu ölkə neftinin rahat şəkildə dünya bazarına daxil olması isə neft və qazın qiymətlərinə mütləq şəkildə təsir edəcək. Qiymətlərdə ucuzlaşma baş verəcək. Prosesi institusional dəyərlərlə təhlil edəndə görərik ki, bazara daha çox məhsulun daxil olması nəticəsində qiymətlər birmənalı olaraq ucuzlaşma istiqamətində gedəcək”.

Rüfət Sultan, Bizim.Media  

Seçilən
40
50
bizim.media

10Mənbələr