AZ

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 aprel, AZƏRTAC

Türkiyənin İstanbul şəhərinin Osmangazi rayon Kaymakamlığının və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində türk şəhid övladları Azərbaycanda səfərdədir. Layihənin səfər proqramına uyğun olaraq, qonaqlar Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitə sədrinin birinci müavini Valeh Hacıyev qardaş Türkiyədən gələn şəhid övladlarının Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. O, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin ortaq tarix, dil və milli-mənəvi dəyərlərə əsaslandığını, həmçinin şəhidlərin müqəddəs xatirəsi ilə daha da möhkəmləndiyini bildirib. Şəhid övladlarının bu müqəddəs irsi layiqincə davam etdirdiklərini və hər iki ölkə üçün böyük qürur və iftixar mənbəyi olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Həmçinin “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində həyata keçirilən bu kimi təşəbbüslərin iki qardaş ölkə arasında dostluq və həmrəyliyin daha da gücləndirilməsinə, eyni zamanda, bu ali dəyərlərin gənc nəsillərə aşılanmasına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdən sonra qonaqlar komitənin inzibati binası ilə tanış olublar. Onlara komitənin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə geniş məlumat verilib.

Layihə çərçivəsində şəhid övladlarının ölkəmizin tarixi və mədəni məkanları ilə tanışlığı, həmçinin bir sıra rəsmi və mədəni tədbirlərdə iştirakı nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
50
azertag.az

10Mənbələr