İstanbul, 4 aprel, AZƏRTAC
Qürurla qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın İstanbuldakı baş konsulluğunda göstərilən “ASAN xidmət” bir dövlətin öz vətəndaşlarına olan qayğı və diqqətinin onun sərhədləri ilə ölçülmədiyini nümayiş etdirir. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarının qayğısına qalması, onların problemlərinin həll olunması yolunda atdığı mühüm addımların ən parlaq nümunələrindən biridir. Çünki Türkiyədə yaşayan həmvətənlərimiz üçün şəxsiyyət vəsiqəsi sadəcə vətəndaşlarımızın kimliyi, mənsubiyyətini təsdiq edən bir sənəd deyil, bu, həm onların iki ölkə arasında gediş-gəlişlərini təmin edən, həm də Azərbaycanın dövlət sistemlərinin rəqəmsal tətbiqlərindən istifadəsini təmin edən mühüm vasitədir. Sənədlərinin etibarlılıq müddəti bitən və müəyyən səbəblərdən Azərbaycana gedə bilməyən şəxslər də bu tətbiqlərdən istifadə edə biləcəklər. Bu da onların dövləti ilə olan bağlarının daha da sıxlaşmasına xidmət göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bildirib. O deyib: “Bu xidmətlərin ilk dəfə, məhz qardaş ölkədə keçirilməsi onu göstərir ki, digər ölkələrdən fərqli olaraq Türkiyə hər bir zaman burada yaşayan, işləyən və təhsil alan azərbaycanlıların sayına görə öndə olub. Bu insanların belə ehtiyaclarının qarşılanması çox vacib bir addımdır. Türkiyənin Azərbaycan üçün digər ölkələrdən fərqi həm də ondadır ki, dövlətlərimiz arasında imzalanan anlaşma əsasında vətəndaşlarımız qarşılıqlı olaraq hər iki ölkəyə şəxsiyyət vəsiqələri ilə səyahət edə bilirlər. Bu səbəbdən də şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən və yaxud bu sənədi indiyədək almayan vətəndaşlarımız üçün bu layihənin həyata keçirilməsi olduqca mühümdür. Onu da qeyd edim ki, bizim diplomatik təmsilçiliklərimizdə əvvəllər xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün bu xidmətin göstərilməsi mümkün deyildi və bu layihənin bundan sonra Türkiyə ilə yanaşı, digər ölkələrdə də uğurla davam edəcəyinə inanıram. Layihənin həyata keçməsində əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, aprelin 3-dən 5-dək ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunun binasında Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qəbul keçirilir.