Bu il qəhrəmanlıq salnaməsi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılan Şanlı Aprel döyüşlərinin 10-cu ildönümü tamam olur. Bu döyüşlərdə qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsi respublikanın bütün bölgələrində olduğu kimi, Beyləqanda da daim dərin hörmət və ehtiramla anılır.
"Unikal" xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və aidiyyəti şəxslər Aprel döyüşləri zamanı şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qeyd edək ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində bir sıra strateji yüksəkliklər və yaşayış məntəqələri işğaldan azad edilib. Dörd gün davam edən döyüşlər Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş ruhunu bir daha nümayiş etdirib.
Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb və əldə olunan qələbə sonrakı uğurların, o cümlədən Vətən Müharibəsində qazanılan Şanlı Zəfərin mühüm təməlini təşkil edib.
Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur və onların göstərdiyi şücaət heç zaman unudulmayacaq.