Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistan açıq şəkildə Qərb-Rusiya qarşıdurmasının yeni siyasi arenasıdır. Tərəflərdən biri demokratiya adı altında Ermənistanda seçkilər ərəfəsində yaşanan antidemokratik proseslərə göz yumur, digəri isə ikitərəfli görüşün açıq hissəsində erməni baş nazirini aşağılamağa cəhd edir.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bir müddət sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər rəsmi İrəvanın növbəti illərdəki siyasi kursunun hansı mərkəzə doğru istiqamətlənəcəyini böyük ölçüdə həll edəcək. Artıq ölkə daxilində siyasi qüvvələrin kəskin konfrontasiyası müşahidə edilir. Qərbyönümlülərlə rusiyapərəstlərin qarşıdurması kimi də xarakterizə olunan bu proses həm də Ermənistanda Rusiya və Qərbin "soyuq müharibəsi" kimi dəyərləndirilir. Əslində reallıq da belədir. İsti təmaslar, yəni hərbi qarşıdurma meydanı Ukraynadırsa, rəqabətin siyasi ayağı məhz Ermənistanda müşahidə edilir.
Putin-Paşinyan görüşünün pərdəarxası
Belə bir ərəfədə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri, Prezident Vladimir Putinlə görüşdə tərəflərin səsləndirdikləri bəyanatlar mövcud mənzərəni açıq şəkildə ortaya qoyur. Seçkilər yaxınlaşdıqca Rusiyanın Ermənistanda fəallığını artıracağı, Paşinyana təzyiqlərin güclənəcəyi gözlənilən idi. Bu təzyiqlər indi Rusiya rəhbərliyi tərəfindən Ermənistan liderinə açıq şəkildə çatdırılır. Məsələn, Vladimir Putin görüşdə bəyan edib ki, Moskva rusiyapərəst qüvvələrin Ermənistanda keçiriləcək seçkilərdə iştirakına şərait yaradılmasını istəyir:
"Ermənistanda rusiyapərəst bir çox siyasi qüvvə var. Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı bu daxili siyasi prosesdə iştirak edə bilsinlər". Putin xatırladıb ki, Rusiya pasportlarına malik bəzi Ermənistan liderləri həbsdədir.
Paşinyan isə Rusiya pasportu daşıyan şəxslərin deputatlığa və baş nazir postuna namizəd ola bilməyəcəklərini bəyan edib.
Əslində Rusiya Prezidentinin bu açıqlaması Kremlin Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışdığını göstərir. Seçkilər nə qədər hər bir ölkənin daxili işi sayılsa da, istər Putinin bəyanatı, istərsə də Qərb dairələrinin açıqlamaları Ermənistanın daxili siyasi həyatına müdaxilə cəhdi kimi dəyərləndirilə bilər.
İqtisadi təhdid cəhdləri
Seçkilər ərəfəsində Rusiya-Ermənistan gərginliyi özünü iqtisadi müstəvidə də göstərir. Paşinyan-Putin görüşündə səsləndirilən fikirlər, daha sonra isə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun TASS-a müsahibəsindəki bəyanatları Moskvanın iqtisadi təzyiq rıçaqlarını tam gücü ilə işə saldığını göstərir.
Məsələn, Paşinyanla görüşdə Vladimir Putin Avropada qazın 600 dollar olduğu halda Ermənistana 177 dollara satıldığını xatırladıb.
2024-cü ildə qeydə alınan və ikitərəfli ticarətdə mühüm göstərici sayılan 11 milyard dollarlıq rəqəmin 2025-ci ildə 6,4 milyarda gerilədiyinə eyham vurub. Bunun daha çox Ermənistandan ixrac olunan məhsullara aid olduğunu bildirib. Lakin heç kimə sirr deyil ki, 2024-cü ildəki rekord göstəricinin əsas maliyyə qaynağı sanksiyalardan yan keçməklə aparılan reeksport əməliyyatları idi.
Aİ, yoxsa Aİİ?
Görüşdə diqqət çəkən digər bəyanat Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsi ətrafında polemika idi. Əslində bu prosesin yekun nəticəsi İrəvanın gələcək siyasi kursunun hansı istiqamətə yönələcəyini müəyyənləşdirəcək. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinin "İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməyəcək" bəyanatı Ermənistanın Kreml tərəfindən ciddi iqtisadi sanksiyalara məruz qalacağına dair xəbərdarlıq kimi dəyərləndirilir. Paşinyan isə proseslə bağlı seçim etmək vaxtının çatmadığını söyləyərək bu təzyiqləri neytrallaşdırmağa çalışır. Təbii ki, hər şey Qərbin Ermənistan rəhbərliyinə vədlərinə nə dərəcədə sadiq qalacağından asılı olacaq.
Overçukun təhdidləri
Seçkilər ərəfəsində Rusiyanın Ermənistana təhdidləri Putin-Paşinyan görüşündəki bəyanatlarla yekunlaşmayıb. Oxşar mövqeni Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində də ortaya qoyulub. Overçuk Ermənistandan olan iş adamlarının Rusiyadakı fəaliyyətinə sanksiyalar tətbiq oluna biləcəyinin anonsunu verib. O qeyd edib ki, Rusiya şirkətlərinin Ermənistanda mövcudluğunun arzuolunmazlığı barədə söhbətlər bu ölkənin biznesinin Rusiyadakı fəaliyyətinə dair məsələni gündəmə gətirəcək: "Qarşılıqlılıq prinsipindən çıxış edərək soruşmaq ədalətli olar - "əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda fəaliyyət göstərə və qazana bilmirlərsə, onda niyə Ermənistan şirkətləri və sahibkarları Rusiyada fəaliyyət göstərə və pul qazana bilərlər?".
Üslublar fərqli olsa da, məqsəd birdir
Göründüyü kimi, Ermənistan açıq şəkildə Qərb-Rusiya qarşıdurmasının yeni siyasi arenasıdır. Tərəflərdən biri demokratiya adı altında Ermənistanda seçkilər ərəfəsində yaşanan antidemokratik proseslərə göz yumur, digəri isə ikitərəfli görüşün açıq hissəsində erməni baş nazirini aşağılamağa cəhd edir. Üslublar və yanaşmalar fərqli olsa da, məqsəd birdir: Ermənistanı təsir dairəsində saxlamaq. Bu mübarizədə kimin ön plana çıxacağı artıq zaman məsələsidir.
Bakı prosesləri diqqətlə izləyir
Azərbaycana gəldikdə isə, rəsmi Bakı prosesləri diqqətlə izləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müstəqil siyasət və bütün güc mərkəzləri ilə qurulmuş bərabər səviyyəli əməkdaşlıq platformaları Azərbaycanın əlini gücləndirən amildir. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olmayaraq, rəsmi Bakının iqtisadi, siyasi, diplomatik və hərbi üstünlükləri ona geniş müstəvidə hərəkətlilik imkanları yaradır. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistandakı seçkilərin nəticələrindən və Rusiya-Qərb qarşıdurmasının sonluğundan asılı olmayaraq, özünün milli maraqlarına uyğun yürütdüyü siyasəti davam etdirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.