AZ

Gəncə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edir: 10 ölkə, 269 idmançı

ain.az, Azertag portalına istinadən məlumat verir.

Gəncə, 4 aprel, AZƏRTAC

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Avropa Cüdo Birliyinin idman komissarı Patrik Roqnon yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb və belə turnirlərin gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov isə çıxışında Azərbaycanın idman sahəsində qazandığı uğurların dövlətin göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. O bildirib ki, ölkəmizdə idmanın inkişafı üçün yaradılan şərait, həyata keçirilən layihələr və gənclərə göstərilən dəstək öz bəhrəsini verir. N.Bağırov qeyd edib ki, Azərbaycan artıq beynəlxalq idman arenasında etibarlı tərəfdaş kimi tanınır və mütəmadi olaraq nüfuzlu yarışlara ev sahibliyi edir.

Rəsmi çıxışlardan sonra bədii hissə başlayıb. Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” ritm və rəqs ansamblı rəngarəng çıxışlar nümayiş etdiriblər.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.

Avropa Kubokunda ölkəmizlə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.

Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
6
azertag.az

10Mənbələr