Aprelin 4-də Qars Təhsil və Mədəniyyət Vəqfinin (Kars Eğitim ve Kültür Vakfı) nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında qonaq olub.
Hafta.az xəbər verir ki, əksəriyyəti əslən Qərbi azərbaycanlılardan ibarət olan nümayəndə heyəti ilə keçirilən görüş qarşılıqlı əməkdaşlıq və ortaq dəyərlərin müzakirəsi baxımından əhəmiyyətli olub.
Görüş zamanı çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası məsələsinə diqqət çəkərək, bu mövzunun beynəlxalq müstəvidə daha geniş şəkildə gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, diaspor təşkilatları və müxtəlif ictimai qurumlarla əlaqələrin gücləndirilməsi Qərbi Azərbaycana qayıdış ideyasının təşviqi baxımından mühüm rol oynayır.
İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında belə görüşlərin strateji əhəmiyyət daşıdığını bildirib. O, Kars Eğitim ve Kültür Vakfı ilə əməkdaşlığın institusional səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, Qərbi azərbaycanlıların çoxluq təşkil etdiyi bu vəqflə birgə layihələrin həyata keçirilməsi üçün xüsusi işçi qrupunun yaradılmasını təklif edib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı görüşün əhəmiyyətindən danışıb, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bu cür platformalarda daha da möhkəmləndiyini qeyd edib və gələcəkdə birgə sosial-mədəni layihələrin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.
Görüşdə digər icma təmsilçiləri - Milli Məclisin deputatları Musa Quliyev, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, İcmanın Nəzarət Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, İcmanın Hüquq Komissiyasının sədri Zahid Cəfərov da çıxış ediblər. Çıxışlarda əsasən Qərbi Azərbaycan mövzusu, deportasiya tarixinin unudulmaması, milli kimliyin qorunması və bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.
Qonaqlar adından çıxış edən Qars Təhsil və Mədəniyyət Vəqfinin sədri Kamil Salduz səmimi qəbula görə təşəkkürünü bildirib. O, çıxışında qeyd edib ki, bu cür görüşlər iki qardaş xalq arasında mənəvi bağların daha da güclənməsinə xidmət edir. Kamil bəy bildirib ki, hazırda Türkiyədə Ermənistanın deportasiya siyasətinin qurbanı olan 3 milyondan yuxarı Qərbi azərbaycanlı yaşayır və onların hər biri soykökünü unutmayan, tarixi keçmişinə bağlı insanlardır.
Kamil Salduz və nümayəndə heyətinin digər üzvlərindən Ender Aslan, Korkut Oran və digər nümayəndələr Qərbi Azərbaycan həsrətindən, tarixi ədalətin bərpası arzusundan və qurulan mənəvi körpülərin əhəmiyyətindən danışıblar.
Sonda qonaqlara Qərbi Azərbaycan İcması tərəfindən xatirə hədiyyələri, o cümlədən kitablar təqdim olunub. Nümayəndə heyəti, həmçinin İcmanın inzibati binası ilə yaxından tanış olub, burada həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat alıblar.
Görüş qarşılıqlı anlaşma, əməkdaşlıq perspektivləri və ortaq tarixi-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilib.