AZ

Azərbaycanın sağlamlıq turizmi təmsilçiləri Trabzonda görüşlər keçiriblər - FOTOLAR

Azərbaycanın sağlamlıq turizmi təmsilçiləri Trabzonda görüşlər keçiriblər - FOTOLAR

Azərbaycanın sağlamlıq turizmi təmsilçilərindən ibarət nümayəndə heyəti Trabzon şəhərinə səfər edib. Azərbaycanla Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin genişləndirilməsi və tibbi turizm imkanlarının qarşılıqlı təşviqi məqsədilə həyata keçirilən səfər çərçivəsində iştirakçılar ilk olaraq Özəl Imperial Xəstəxanasını ziyarət ediblər.

AFN.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti xəstəxananın baş direktoru Cihan Başoğlu və idarə heyəti ilə görüş keçirib. Görüş zamanı xəstəxananın fəaliyyəti, tibbi xidmət imkanları, idarəetmə sistemi, eləcə də beynəlxalq pasiyentlərə təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib.

Daha sonra xəstəxananın həkim heyəti və rəhbərliyi ilə geniştərkibli görüş təşkil olunub. Görüşlər zamanı sağlamlıq turizmi sahəsində potensial əməkdaşlıq istiqamətləri, pasiyent yönləndirmə mexanizmləri, birgə təşviqat fəaliyyətləri və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, müasir sağlamlıq turizmi modelində yalnız tibbi xidmətin keyfiyyəti deyil, eyni zamanda yerləşdirmə imkanları, nəqliyyat, qidalanma, şəhər infrastrukturu və mədəni mühit də mühüm əhəmiyyət daşıyır.

Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində praktik əməkdaşlıq platformasının möhkəmləndirilməsi, tibbi xidmət ixracı imkanlarının araşdırılması, pasiyent axınının təşkili üçün institusional tərəfdaşlığın qurulması və gələcək birgə layihələrin icrası üçün əlverişli zəmin yaradılması olub.

Görüşün sonunda Azərbaycandan gələn nümayəndə heyətinin rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev tərəfindən Özəl Imperial Xəstəxanasının baş direktoru Cihan Başoğluya və idarə heyətinin üzvlərinə mükafatlar təqdim olunub. Özəl Imperial Xəstəxanasının baş direktoru Cihan Başoğlu isə Azərbaycan nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edib.

Səfərin ikinci günü nümayəndə heyətinin Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Gəncə, Trabzon Vilayət Səhiyyə İdarəsinin müdiri Dr. Mehmet Topsakala və TÜRSAB Trabzon Vilayət Baş Təmsilçisi Mehmet Ali Tunaya nəzakət ziyarətləri baş tutub. Görüşlər çərçivəsində iki ölkə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlıq perspektivləri ətraflı müzakirə edilib.

Səfər çərçivəsində keçirilən mühüm görüşlərdən biri də Trabzon Ticarət və Sənaye Odasının sədri Erkut Çələbi ilə reallaşıb. Müzakirələr zamanı son illərdə iki ölkə arasında həyata keçirilən layihələrin əhəmiyyəti, Türk Dövlətləri Birliyi formatında təşkil olunan tədbirlər və turizm sahəsində investisiyaların təşviqi məsələləri xüsusi olaraq vurğulanıb. Ziyarətlər zamanı ikitərəfli formatda milli dəyərləri əks etdirən hədiyyə və plaketlərin təqdimatı da həyata keçirilib.

Seçilən
0
3
afn.az

10Mənbələr