“Cənubi Qafqazda son illər formalaşan yeni geosiyasi reallıq tədricən Ermənistanın siyasi elitasını da illərlə qurduğu yanlış təhlükəsizlik təsəvvürlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Uzun müddət xarici patronaj, forpost siyasəti və qonşulara qarşı ərazi iddiaları üzərində qurulan Ermənistan dövlətçilik modeli artıq öz strateji limitsizliyinə çatıb. Məhz buna görə də rəsmi İrəvandan gələn son mesajlar, xüsusilə parlament sədri Alen Simonyanın açıqlamaları, regionda yeni siyasi realizm xəttinin gücləndiyini göstərir”.
Bunu Hakimiyyet.az -a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputatin fikrincə, Simonyanın “Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır” və regionda elə münasibətlərin qurulmalı olduğunu vurğulaması ki, heç bir tərəf digərinə hücum etməyi düşünməsin, əslində İrəvanın təhlükəsizlik fəlsəfəsində ciddi dönüşün siyasi etirafıdır: “Bu, həm yeni konstitusiya müzakirələri, həm də sülh gündəliyi ilə bağlı rəsmi kursun mühüm siqnalı kimi oxunur.
Ermənistanın müstəqillik dövrünün böyük hissəsi geosiyasi himayədarlıq üzərində qurulmuş təhlükəsizlik modelinin təsiri altında keçib. Bu modelin mərkəzində isə qonşularla düşmənçilik, qondarma ideoloji iddialar və regional inteqrasiyadan kənarda qalmaq dayanırdı.
Lakin dəyişən beynəlxalq sistem, Rusiyanın regiondakı nisbi zəifləməsi, Qərbin selektiv siyasəti və Ermənistanın iqtisadi-kommunikasiya blokadasının yaratdığı struktur problemlər artıq bu yanaşmanın davamlı olmadığını ortaya qoyur”.
Deputat daha sonra qeyd edib: “Bu baxımdan İrəvanda getdikcə daha aydın başa düşülür ki, Ermənistan dövlətçiliyinin real təhlükəsizlik təminatı uzaq güclərin patronajı deyil, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləridir.
Əks halda ölkə formal suverenlik daşısa belə, ya yeni geosiyasi forposta, ya da hansısa güc mərkəzinin vassal əlavəsinə çevrilmək riskini daşıyır.
Simonyanın bundan öncə Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycanın suveren ərazisi kimi qəbul olunan xəritələrə istinad etməsi Ermənistanın artıq separatçı ritorikanın dövlət maraqlarına vurduğu zərəri dərk etdiyini göstərir. Bu, faktiki olaraq separatizmin rəsmi İrəvan tərəfindən siyasi dəfni deməkdir.
Ermənistan rəhbərliyinin son dövrlərdə konstitusiya dəyişiklikləri ilə bağlı verdiyi mesajlar da bu realizm kursunun davamı kimi görünür. Alen Simonyanın yeni konstitusiyanın Ermənistanın maraqları üçün lazım olduğunu vurğulaması, qonşulara qarşı ərazi iddialarının hüquqi mətnlərdən çıxarılmasının vacibliyini önə çəkməsi İrəvanda siyasi kursun dəyişdiyini göstərir.
Mövcud proseslər göstərir ki, Ermənistan siyasi rəhbərliyi artıq anlayır: Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan ölkənin iqtisadi, siyasi və təhlükəsizlik gələcəyi sual altındadır.
Çünki regionun əsas enerji, nəqliyyat və geoiqtisadi marşrutları məhz Bakı-Ankara xətti üzərindən formalaşır. Ermənistan bu inteqrasiyadan kənarda qaldıqca strateji təcrid dərinləşir.
Əksinə, sülh sazişi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və qarşılıqlı suverenliyə hörmət Ermənistan üçün ilk dəfə olaraq real dövlətçilik platforması yarada bilər.
Bu mənada Azərbaycan təkcə hərbi güc balansı baxımından deyil, həm də Ermənistanın sabit gələcəyinin əsas regional təhlükəsizlik qarantlarından biri kimi önə çıxır.
Alen Simonyanın son bəyanatları göstərir ki, Ermənistan rəhbərliyi artıq regionda dəyişməz həqiqəti qəbul etməyə başlayıb: Cənubi Qafqazda təhlükəsizliyin açarı qarşıdurmada deyil, Bakı və Ankara ilə normal münasibətlərdədir.
Bu, təkcə ritorik dəyişiklik deyil, Ermənistan dövlətçiliyinin gələcək modelinin hansı istiqamətdə qurulacağını müəyyən edən strateji yol ayrıcıdır.
Əgər bu kurs konstitusiya islahatları, sülh müqaviləsi və daxili siyasi konsensusla tamamlanarsa, regionda yeni qarşılıqlı tanınma və suverenliyə hörmət erası başlaya bilər”.