AZ

Torpağın altında gizlənən ölüm: 4 aprel bizə nəyi xatırladır?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aprelin 4-ü adi gün deyil. Bu, bəşəriyyətin özü-özünə yaratdığı ən qəddar tələlərdən birinə, minalara qarşı qlobal etiraz günüdür. BMT-nin 2005-ci ildə təsis etdiyi Beynəlxalq Mina Xəbərdarlığı günü bu gün dünyada milyonlarla insanın addım atmağa qorxduğu torpaqların səssiz fəryadını çatdırır. Lakin Azərbaycan üçün bu mövzu statistik rəqəmlərdən və beynəlxalq konfrans sənədlərindən daha dərindir. Bizim üçün mina hələ də qanayan yara, qayıdış yolunda dayanan "görünməz düşmən" və hər an partlaya biləcək humanitar faciədir.Qarabağ və Şərqi Zəngəzur otuz illik işğal dövründə Ermənistan tərəfindən sanki "ölüm laboratoriyasına" çevrilib. İlkin hesablamalar dəhşətlidir. Bir milyondan çox mina! Bu rəqəm sadəcə metal parçalarını yox, minlərlə yarımçıq qalmış həyatı, şikəst olmuş taleləri ifadə edir. Azərbaycan bu gün dünyanın minalarla ən çox çirklənmiş ölkələri siyahısında ön sıralardadır.Ermənistanın basdırdığı minalar təkcə hərbi məqsəd daşımayıb. Əgər belə olsaydı, biz minaları yalnız keçmiş təmas xəttində görərdik. Amma reallıq fərqlidir. Məzarlıqlar, əkin sahələri, meyvə bağları, hətta insanların doğma evlərinin astanası belə minalanıb. Bu, artıq müharibə deyil, mülki əhaliyə qarşı yönəlmiş sistemli terror və intiqam siyasətidir. İnsanların doğma qəbirlərini ziyarət edərkən partlayış qurbanı olması hansı beynəlxalq hüquq normalarına sığır?2020-ci ilin noyabrından bəri keçən müddət ərzində ANAMA və digər aidiyyəti qurumlar sanki hər qarış torpaq üçün döyüşürlər. Baxın, 2026-cı ilin aprelinə qədər olan mənzərəyə nəzər salaq:261 min hektardan çox ərazi təmizlənib.

246 mindən çox mina və sursat zərərsizləşdirilib.

421 nəfər mina qurbanı olub, onlardan 72-si həyatını itirib.Bu rəqəmlər göstərir ki, müharibə bitsə də, onun gətirdiyi ölüm hələ də pusquda dayanıb. Xüsusilə 1991-ci ildən bəri 3500-dən çox insanın mina qurbanı olması, onlar arasında 362 uşaq və gəncin, 38 qadının olması bu problemin nə dərəcədə böyük sosial-psixoloji travma yaratdığının sübutudur.Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı həqiqət var: minalar təmizlənmədən heç bir inkişafdan, bərpadan söhbət gedə bilməz. Biz bu gün Qarabağda "ağıllı kəndlər" qururuq, yollar çəkirik, hava limanları tikirik. Amma bütün bu nəhəng işlərin təməlində ANAMA-nın istehkamçılarının, o adsız qəhrəmanların hər gün həyatlarını riskə ataraq etdiyi fədakarlıq dayanır.Mina təhlükəsi həm də böyük bir sosial-iqtisadi maneədir. Kənd təsərrüfatı potensialı olan minlərlə hektar torpaq hələ də istifadəsiz qalıb. Çünki fermer ora girməyə qorxur, traktorçu tarlasını şumlaya bilmir. Bu, həm də regionun iqtisadi dirçəlişinin ləngiməsi deməkdir.Minatəmizləmə bahalı və çətin prosesdir. Azərbaycan bu yükün böyük hissəsini çiyinlərində daşıyır. Düzdür, Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı, ABŞ, Yaponiya və digər ölkələrin, həmçinin BMT agentliklərinin bu prosesdə müəyyən töhfələri var. Amma bu dəstək problemin miqyası ilə müqayisədə kifayət qədər deyil.Mina problemi qlobal məsələlərdən biridir və beynəlxalq ictimaiyyət Ermənistana mina xəritələrinin tam və dəqiq təhvil verilməsi üçün təzyiqləri artırmalıdır. Texnoloji dəstək, süni intellekt əsaslı minatəmizləmə avadanlıqları və maliyyə yardımı sadəcə humanitar jest deyil, bu torpaqlarda sülhün və dayanıqlı inkişafın təmin olunması üçün zərurətdir.Biz azərbaycanlılar səbirli xalqıq. Otuz il gözlədik, yenə də gözləyərik. Amma heç bir vətəndaşımızın həyatı o metal parçalarından ucuz deyil. Minalardan təmizlənmiş hər bir kvadratmetr torpaq qayıdışa açılan qapıdır. 4 aprel bizə bir daha xatırladır ki, bu problem həll olunmayana qədər tam sülhdən və təhlükəsizlikdən danışmaq tezdir.Torpaqlarımızı minalardan təmizləyəcəyik, o yerləri yenidən cənnətə çevirəcəyik, amma bu yolda itirdiyimiz canları heç vaxt unutmayacağıq.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
10
demokrat.az

10Mənbələr