Dünən H.Ağaverdiyev adına 113 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin qəlbində vətən sevgisini alovlandıran, şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramı tərənnüm edən möhtəşəm tədbir keçirilib.
Herbiand.az xəbər verir ki, tədbirdə bir sıra qonaqlarla yanaşı, fəxri qonaq qismində Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov da iştirak edib.
Məktəbin həyətində əsl hərbi nizam-intizam və vətənpərvərlik ab-havası yaşanıb. Tədris ocağının hərbi "Şahinlər" komandası qonaqları yüksək fəxarət və hərbi intizamla salamlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Həmçinin, həyətdə ucaldılan şəhid abidəsi önünə gül dəstələri düzülüb. "Şahinlər"in təqdim etdiyi təntənəli keçid və hərbi parad hər bir iştirakçının qəlbində böyük qürur hissi yaradıb. Hərbi marşdan sonra məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət təşkil olunmuş rəsm sərgisi də qonaqlar tərəfindən maraqla qarşılanıb.
Ən təsirli və yadda qalan anlar məktəbin daxilində yaşanan səmimi görüşlər olub. General-mayor Arif Həsənov elm ocağına ilk qədəmlərini qoyan, gözləri gələcəyə ümidlə baxan birinci sinif şagirdləri ilə görüşüb, onlara uğurlar arzulayıb. Lakin günün ən kövrək məqamı, şübhəsiz ki, bizlərə şəhidlərimizdən ən müqəddəs miras qalan, qəhrəmanlıq simvolu olan şəhid övladları ilə görüş idi. General onlarla səmimi söhbət edərək, hər birinin Azərbaycan dövləti üçün nə qədər dəyərli və əziz olduğunu bir daha diqqətə çatdırıb.
Tədbirin bədii hissəsi məktəbin akt zalında davam edib. Şagirdlərin böyük həvəslə hazırladığı, Aprel döyüşlərinin şanlı səhifələrini, Azərbaycan əsgərinin yenilməz gücünü və ümumi vətənpərvərlik mövzusunu əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Səsləndirilən şeirlər və canlandırılan səhnəciklər gənc nəslin öz tarixinə, Zəfər salnaməmizə nə dərəcədə sadiq olduğunu və milli ruhda formalaşdığını bariz şəkildə nümayiş etdirib.
Bu unudulmaz gün şagirdlərin yaddaşında həm hərbi şücaətə hörmət, həm də sarsılmaz vətən sevgisi olaraq həkk olunub.
Sonda məktəbin şagirdlərinin əl işləri qonaqlara təqdim edildi.












