Dost itkisi həmişə ağır və acı olur. Fərqi yoxdu, cavandı, ya qocadı.
Yaxşı dost cismani olmasa da, ruhən ürəklərdə həmişə yaşayır.
İnsanın ruhu Allaha, cismi torpağa, əməlləri isə bu dünyaya məxsusdur. Yaxşı insan əsasən yaxşı əməlləri ilə yaddaşlarda qalır. Bəli, belə əməlisaleh insanlardan biri də Vuqar idi.
Onun vaxtsız vəfatı hər birimizi kədərləndirib.
Xatırladım ki, Vuqar Rasim oğlu Cümşüdov 1 aprel 1971-ci ildə Laçın rayonunun Minkənd kəndində zəhmətkeş bir ailədə anadan olub...
Laçın rayonunun Minkənd orta məktəbində Vuqarla bir sinifdə oxumuşuq.Hərçənd ki, mənim onlarla bir sinifdə oxumağım yalnız 8-ci sinifə qədər davam edib. Amma buna baxmayaraq, uşaqlıq xatirələrimdə Vuqar çox dəyərli vətəndaş, düz danışan, səmimi xarakterə malik insan kimi qalıb. İndi haqq dünyasında olan atası Rasim kişini də yaxşı xatırlayıram. Allah rəhmət eləsin!
Zəhmətkeş kişi idi. Ailəsini böyük zəhmət və əziyyət hesabına halal pulla dolandırardı. O da fədakar və əvəzsiz bir insan kimi onu tanıyanların qəlbində qalıb...
Vuqar dünyaya göz açdığı ailəsində uşaqların böyüyü olub. Onu çox təmkinli, alicənab bir insan kimi xarakterizə etmək olar. O, onu tanıyanların qəlbində dərin bir iz buraxıb. Çox heyif ki, aramızdan vaxtsız getdi....
Eşitdiyimə görə, oğlu yenicə hərbi xidmətdən gəlib. Sonbeşik övladı isə orta məktəbi bitirmək üzrədir.
Yaxşı və vətənpərvər qardaşları var. Böyüdükləri ailədən gələn əxlaq nümunələrinə malik qardaşlarının 5 minə yaxın sakini olan Minkənd camaatının hər birinin qəlbində ayrıca yerləri var. Cümşüdovlar xüsusi hörmət və izzət sahibi kimi tanınıblar. Yeri gəlmişkən, qeyd edim ki, onlar böyük bir nəslin davamçılarıdırlar...
Minkəndin İcra nümayəndəsi Namiq Cümşüdov başda olmaqla ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.
Sinif yoldaşları da mərhum haqqında ürək sözlərini bizimlə bölüşüb.
Ehtiram Səyyaf oğlu Süleymanov Vuqarı belə xatırlayır;
“Biz bir sinifdə oxumuşuq. Vuqar sakit təbiətli, dürüst, tərbiyəli bir şəxs idi, heç vaxt yalan danışmazdı. Hərbi xidmətini Rusiyada başa vurmuşdu. Yaxşı yadımdadı, ona hərbi hissədən yaxşı xıdmət elədiyinə görə “Qramota” da vermişdilər...
Çöx gözəl ailə başçısı idi.İki qızı və iki oğlu, hətta, nəvəsi də var. Dost yolunda özünü ölümə ata biləcək qədər böyük ürəyə sahib idi”.
Rahib Əhmədov isə onu belə xarakterizə edir:
“Uşaqlığımız Vuqarla bir yerdə keçib, eyni məhlədə böyümüşük. Sonra da bir sinifdə oxuduq. Az danışardı, amma sözün düzünü deyərdi. Yavaş-yavaş böyüdük. Orta məktəb illərindən başlayan isti münasibətimiz , sonrakı zamanlarda dostluğa çevrilmişdi. Mən həmişə onu doğru bildiklərini danışan, həqiqi dost, əqidəli, əxlaqlı qardaş kimi xatırlayacam. Çox düzgün bir oğlan idi. Xatirimdə o həmişə bu formada qalacaq. Allah rəhmət eləsin. Vallah inanna bilmirəm ki, o, bizim aramızda yoxdur. Onun xatirəsi qəlbimizdə həmişə qalacaq. Qəbri nurla dolsun. Bu hadisə adamı çox sarsıdır”.
SUBUT MEHDİYEV