İranın vasitəçilərə cavabı hazırlanıb, lazım olan vaxt ictimaiyyətə məlumat veriləcək.
Apa-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.
“Bir neçə gün əvvəl Pakistan və digər dost ölkələr vasitəsilə ABŞ-ın 15 maddəlik planı ortaya qoyuldu. Həmin vaxt biz bildirdik ki, belə təkliflər həm həddindən artıq tələbkar, həm də qeyri-adi və qeyri-məntiqidir. Bu bizim üçün qəbuledilməz idi. Öz maraqlarımıza, öz mülahizələrimizə əsasən, indiyədək olan və hazırdakı tələblərimizi yazılı şəkildə hazırlamışıq. Lazım olan vaxt bu barədə açıq şəkildə məlumat verəcəyik”, - Bəqayi bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının və İran xalqının ABŞ-la danışıqlarda çox acı təcrübələri olduğunu və bunu asanlıqla nəzərdən qaçıra bilməyəcəklərini bəyan edib^
“Düşmənin törətdiyi cinayətlərin həcmi artdığı və hər gün yeni bir cinayət törətdiyini bildiyimiz bir şəraitdə bütün diqqətimiz və qüvvəmiz ölkəmizi müdafiə etməyə yönəlməlidir”.
O qeyd edib ki, İranın enerji və sənaye infrastrukturunu məhv etməklə bağlı təhdidlər özü özlüyündə bir müharibə cinayətidir.
Bəqayi ABŞ-ı İranda mülki hədəflərə hücum etmək üçün İsrailə “yaşıl işıq” yandırmaqda ittiham edib.