AZ

Mərkəzi Bank “eManat”ın özünü 50 000 manat, vəzifəli şəxsini isə 10 000 manat cərimələdi – SƏBƏB?

Azərbaycan Mərkəzi Bankı “eManat” ödəniş sistemi və ya hüquqi adı ilə “Modenis” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edib.

Banker.az xəbər verir ki, AMB tərəfindən 04.06.2025 – 18.07.2025-ci il tarixlərində “Modenis” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Modenis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilmişdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi müştərinin eyniləşdirilməsi və məlumatların yoxlanılması üzrə qanunvericilik tələblərinin pozulmasına, 598.1.2-ci maddəsi isə şübhəli əməliyyatlar barədə məlumatın vaxtında verilməməsi və ya verilməməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur.

Qeyd edək ki, AMB sentyabrda da bu şirkətlə bağlı qərar qəbul etmişdi. Belə ki, AMB “Modenis” MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində aşkar edilmiş aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələrinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilmişdir.

Seçilən
11
2
banker.az

10Mənbələr