Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub...
Poliqon Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın kolumbiyalı hücumçusu "Karvan-Yevlax"la qarşılaşmada (7:0) üç qola imza atıb.
Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V turda "Araz-Naxçıvan" (5:0), "Qəbələ"nin legioneri Domi Massumo XVIII turda "İmişli" (3:2) ilə görüşdə belə uğura imza atıblar.
Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.
Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə iki, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya bir matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.
Poliqon.info