AZ

Başlıq: Naxçıvanın enerji sisteminin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur

Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində işlər sürətlə davam edir.  “AzərEnerji” ASC-nin məlumatına görə, layihə çərçivəsində Cəbrayıldan başlayaraq ikidövrəli olmaqla 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa edilir. Növbəti mərhələdə isə Zəngəzur dəhlizi vasitəsilə 44 kilometr uzunluğunda əlavə ötürmə xəttinin tikintisi nəzərdə tutulur. Bu addımlar Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyini daha da gücləndirəcək.

Layihə çərçivəsində region üçün mühüm əhəmiyyət daşıyan 110 kilovoltluq “Naxçıvan”, 154 kilovoltluq “Babək” və “Çeşməbasar” yarımstansiyaları tam yenidən tikilir və işlər artıq yekun mərhələyə yaxınlaşır. “Naxçıvan” yarımstansiyasının regionda ilk qapalı tipli obyekt kimi inşa edilməsi isə təhlükəsizlik və idarəetmə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Bununla yanaşı, enerji sisteminin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılır. Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir və mövcud stansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bu yeniliklər enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasına imkan verəcək.

Ötürücü şəbəkənin yenilənməsi də mərhələli şəkildə həyata keçirilir. Ötən əsrin 50-ci illərindən qalan 110 kilovoltluq hava xətləri müasir standartlara uyğun xətlərlə əvəz olunur. İlkin mərhələdə ümumi uzunluğu 69 kilometr olan “Culfa”, “Ordubad-1” və “Ordubad-2” elektrik verilişi xətləri ikidövrəli formada yenidən qurulub. Bundan əlavə, yaşayış ərazilərindən keçən bəzi hava xətlərinin 5,2 kilometrlik hissəsi yeraltı kabel xətləri ilə əvəz edilərək şəhər mühitinə uyğunlaşdırılır.

Züleyxa ƏLİYEVA, 

“Azərbycan”

Seçilən
2
14
azerbaijan-news.az

10Mənbələr