AZ

Övladının dəfnində "TikTok"da canlı yayım açan atanın iki uşağı əlindən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bunu "Yeni Sabah"ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, uşaqlar nəzarət altında saxlanılır:

"Dövlət komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyəti qiymətləndiriblər. Zərərçəkmiş uşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib və onların sağlamlıq vəziyyəti mütəmadi olaraq ekspertiza edilir".

Şöbə müdiri deyib ki, hüquq-mühafizə orqanları uşaqların dəm qazından zəhərlənməsi faktı üzrə cinayət işi açıb, araşdırmalar aparılır:

"Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İctimaiyyət də bu barədə məlumatlandırılacaq. Eyni zamanda, uşaqların sağlamlığı və sosial təminatı ilə bağlı bütün zəruri tədbirlər dövlət qurumları tərəfindən həyata keçirilir. Bu prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən komissiya və digər aidiyyəti qurumlar cəlb olunub", - E.Səfərov vurğulayıb.

Dövlət müəssisəsinə yerləşdirilən uşaqlar Sumqayıt Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsində müalicə olunurdular.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Zəhərlənən uşaqlar Sumqayıt Tibb Mərkəzi və Bakıdakı Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.

Aprelin 3-də 2 yaşlı qız ölüb. Hazırda iki uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən bir nəfərin vəziyyəti isə ağır stabildir.

Ailənin ümumilikdə 9 övladı olub.

Xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov körpə övladının dəfni zamanı "TikTok"da canlı yayım açıb, cənazəni qucağına alaraq videolar çəkib və bunları sosial şəbəkələrdə yayıb. Onun bu hərəkətləri cəmiyyətin qınağına səbəb olub.

Seçilən
4
10
far.az

10Mənbələr