AZ

Yeni təlim mərkəzində mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrlar hazırlanacaq

Son onilliklər milli aviasiyamız da böyük uğurlar qazanıb. Beynəlxalq standartlara uyğunlaşma, modern hava limanları şəbəkəsi və təhlükəsizlik sahəsində böyük nailiyyətlər əldə edilib. "Azərbaycan Hava Yolları" (AZAL) yüksək təhlükəsizlik standartları ilə beynəlxalq reyslər həyata keçirir. Yeni hava limanlarının inşası mühüm əhəmiyyət kəsb edir.

Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Füzuli, Laçın, Zəngilan müasir hava limanlarının inşası və ya yenidən qurulması, beynəlxalq standartlara cavab verən uçuş-enmə zolaqlarının yaradılması son illərin bu sahədəki önəmli hadisələridir. 

Sahə üçün kadrların hazırlanması isə Milli Aviasiya Akademiyasının üzərinə düşür. Akademiya Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və aparıcı xarici aviasiya təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək təhsilin beynəlxalq səviyyəyə çatdırılmasını təmin edir. Milli Aviasiya Akademiyasında açılan yeni Beynəlxalq Təlim Mərkəzi bu istiqamətdə atılan növbəti mühüm addımdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mərkəzin açılışında iştirak etməsi hadisənin önəminə bir daha diqqət çəkir.

Əvvəla xatırladaq ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 1992-ci ildə "Milli Aviasiya Mərkəzi" kimi yaradılıb. 1994-cü ildə "Milli Aviasiya Mərkəzi" Milli Aviasiya Akademiyası adlandırılıb. 1996-cı ildən etibarən Milli Aviasiya Akademiyasına Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Arif Paşayev rəhbərlik edir.

Milli Aviasiya Akademiyası bu gün Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir. Akademiyada ali təhsil pillələri tələbələrə ixtisaslaşmış bilik, analitik düşüncə və tədqiqat bacarıqları qazandıraraq, onları əmək bazarının tələblərinə uyğun peşəkarlar kimi yetişdirməyi hədəfləyir.

Yeni mərkəz AZAL-ın təşəbbüsü ilə məhz akademiyanın ərazisində yaradılıb. Bu, uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulan bir mərkəzdir. Burada Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək. 

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək. Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Mərkəzdə quraşdılmış sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün şərait yaradır. Belə ki, burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanmasına imkan verir.

Mərkəzdə eləcə də hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Bundan əlavə, mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt" tərəfindən yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787" təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Beləliklə, mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq, kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq. Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Bütün bunlar Azərbaycanın mülki aviasiyasının həm regional, həm də beynəlxalq miqyasda nüfuzunu artırmaq, ölkəmizin logistika və turizm potensialını daim gücləndirmək məqsədi daşıyır. 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
1
49
azerbaijan-news.az

10Mənbələr