AZ

Tramp-Putin “gizli sövdələşmə”sinin yeni detalları açıldı: ABŞ və Rusiya Ukraynanı “məğlub” edib, bölüşdürəcəklər

Əgər, ABŞ Rusiya ilə ortaq hərəkət etməkdə israrlı olarsa və NATO üzvü olan Avropa ölkələri də rəsmi Kiyevə dəstək verə bilməzlərsə, onda, Ukrayna dövlətçiliyinin sonu üçün geri sayım başlanmış olacaq... Və bu halda, Kreml həm Ukraynanı tamamilə ələ keçirmək, həm də Rusiya üçün keçmiş SSRİ-nin sərhədlərini bərpa etməklə bağlı planlarını reallaşdırmaq baxımından, müəyyən imkanlar da qazana bilər...

Yaxın Şərq böhranı dünyanın üzərinə qorxunc bir “kabus” kimi çöküb. İndi məhz bu böhran qlobal proseslərin bütün istiqamətlərinə birbaşa və ya dolayısı ilə təsir göstərir. Üstəlik, Yaxın Şərq böhranının müasir dünya üçün neqativ təsirləri hər ötən gün daha da dərinləşir. Və bu baxımdan, hazırda müasir dünyanın tədricən Yaxın Şərq böhranının girovuna çevrilməkdə olduğunu da düşünmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq böhranının neqativ təsirləri altında qalan ən önəmli qlobal problemlərin sırasında Ukrayna savaşı ön planda yer alır. Belə ki, prezident Volodimir Zelenski bir müddət öncə Yaxın Şərq böhranı ucbatından Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyanın ikinci plana keçirildiyini açıq mətnlə bəyan etmişdi. Ukrayna prezidenti hətta rəsmi Kiyevin son vaxtlar ABŞ-dan ümumiyyətlə, dəstək ala bilmədiyini də vurğulamışdı. Və o, Ukrayna savaşının hətta tədricən unudulmağa başlamasından da ciddi şəkildə narahat olduğunu qətiyyən gizlətməmişdi.

Maraqlıdır ki, prezident Volodimir Zelenski son açıqlamasında Ukraynanın sentyabr ayına qədər olan dövrdə savaş meydanında Rusiyanın, danışıqlar masası arxasında isə məhz ABŞ-ın çox ağır təzyiqlərinin olacağı mərhələyə girdiyini vurğulayıb. Ukrayna prezidentinin dediyinə görə, hətta bu ilin avqust ayında ABŞ Rusiya ilə danışıqlar prosesindən ümumiyyətlə, çıxa bilər. Onun fikrincə, əgər, Kreml gərginliyin aşağı salınması variantını seçərsə, onda, Ukrayna, ABŞ və Rusiyanın iştirak edəcəyi üçtərəfli görüşün keçirilmə ehtimalı da qətiyyən istisna deyil.

Ancaq rəsmi Kiyevin yaydığı digər açıqlamalarda o da bildirilir ki, ABŞ və Rusiyanın üçtərəfli görüşdən öncə - may və ya iyun aylarında Ukraynaya qarşı genişmiqyaslı təzyiq kampaniyası başlatmağa hazırlaşdıqları barədədə müəyyən mesajlar mövcuddur. Ona görə də, bu ilin payızına qədər Ukraynanın üçün çox ağır mərhələdən keçməli ola biləcəyi qətiyyən istisna edilmir. Yəni, Ukraynanı qarşıda savaşın başlanmasından üzü bəri keçən müddətdə ən sərt təzyiqlərin olacağı bir dövr gözləyir. Və bu təzyiqlərin iki istiqamətli xarakter daşıyacağı, həm siyasi-diplomatik məkanda hım də savaş meydanında bir-birinə paralellik təşkil edəcəyi ehtimal olunur.

Əslində, rəsmi Kiyevin bu iddialarının reallaşma ehtimalı kifayət qədər yüksəkdir. Belə ki, Yaxın Şərq böhranı Ukrayna savaşı ilə bağlı bütün prosesləri kölgədə qoyub. İndi Rusiya savaş meydanında atdığı hərbi addımlarda özünü daha sərbəst hiss edir. Yəni, Qərb düşərgəsindən Kremlə qarşı əvvəlki kimi sərt reaksiyalar olmur. Üstəlik, Yaxın Şərq böhranı dünyanın enerji bazarlarında qıtlıq yaradarq, qiymətlərin artmasına səbəb olub. Və bu baxımdan, Kreml Ukrayna savaşının maliyyələşdirilməsi üçün əlavə gəlir qaynağı qazanmış kimi görünür.

Digər tərəfdən, Yaxın Şərq böhranının əhəmiyyəti qlobal məkanda ön plana keçdiyindən Ukrayna ABŞ və Qərbin dəstəyindən də böyük ölçüdə məhrum edilmiş duruma düşüb. Buna paralel olaraq isə Rusiya yaxın vaxtlarda, iddialara görə, iyun ayında Ukraynaya qarşı daha dağıdıcı hərbi zərbələr endirmək üçün intensiv hazırlıq içərisindədir. Yəni, Kreml belə dağıdıcı hərbi zərbələrlə Ukrayna savaşında daha böyük üstünlük qazanmaq və bunun sayəsində “sülh masası”nda Rusiyanın əlini gücləndirmək niyyəti güdür. Və bu halda, Rusiyanın sülh danışıqları prosesində öz neoimperialist şərtlərini qarşı tərəfə qeyd-şərtsiz qəbul etdirə biləcəyinə ümid bəsləyir.  

Məsələnin digər önəmli məqamlarından biri də odur ki, Kreml iyun hərbi kampaniyasına siyasi-diplomatik məkanda da ciddi şəkildə hazırlaşır. Belə ki, Rusiya ABŞ və Qərbdən Ukraynaya hərbi yardımların tamamilə dayandırılmasını israrla tələb edir. Kreml vurğulayır ki, ABŞ da daxil olmaqla, NATO ölkələrinin Ukraynaya hərbi dəstəyinin dayandırılması sülh prosesinin intensivləşməsinə və uğurlu nəticələr əldə olunmasına geniş imkanlar aça bilər. Və Kremlin iddiasına görə, Ukraynaya göstərilən hərbi dəstək silahlı münaqişənin uzanmasına səbəb olur.

Göründüyü kimi, Kremlin “yay hərbi kampaniyası” üçün tutduğu taktika kifayət qədər konkretdir. Belə ki, bir tərəfdən, Rusiya intensiv şəkildə Ukraynaya sarsıdıcı hərbi zərbələr üçün hazırlıq görür. Digər tərəfdənsə, ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin dayandırılması üçün israrlı cəhdlər göstərir. Yəni, Kreml elə şərait yaratmaq istəyir ki, Rusiya dağıdıcı zərbələr endirərkən Ukrayna buna müqavimət göstərəcək imkanlardan məhrum edilmiş olsun. Və nəticədə rəsmi Kiyevə Ukrayna savaşında “sülh sazişi” adı altında məhz kapitulyasiya aktı imzalatmaq çətinlik törətməsin.

Belə anlaşılır ki, Kreml Ukrayna üçün əsl “fəlakət ssenarisi” hazırlamağa çalışır. Üstəlik, ABŞ-ın Yaxın Şərqdə “savaş bataqlığı”na düşməsi və Tramp administrasiyasının onsuz da Rusiyanın tərəfdaşı kimi çıxış etməsi Kremlin neoimperialist planlarının baş tutmasına geniş imkanlar aça bilər. Hər halda, Ağ Evin mövqeyi Ukraynanın Rusiyaya qurban verilməsinə yönəlik məzmun daşıyır. Və ABŞ-ın “sülh prosesi”ndən tamamilə kənara çıxamsı isə Rusiyanın maraqlarına cavab verməklə yanaşı, həm də Ukaynaya sərt təzyiq demək olacaq.

Məsələ ondadır ki, bu halda, Ukaryna həm savaş meydanında, həm də sülh prosesində Rusiya ilə baş-başa qalmış olacaq, ABŞ isə bundan demək olar, heç nə itirməyəcək. Çünki rəsmi Kiyev kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldıqdan sonra ABŞ yenidən dövrəyə girərək, həm Ukrayna, həm də Rusiya ilə artıq əldə olunmuş anlaşmalardan faydalanmaq imkanlarını qorumuş olacaq. Və bu baxımdan, belə anlaşılır ki, əslində, Rusiya hazırda ABŞ ilə anlaşaraq, ortaq şəkildə Ukraynanı bölüşdürməyə hazırlaşır.

Bütün bunlar onu göstərir ki, yaxın bir neçə ay ərzində Ukraynanın gələcək taleyi böyük ölçüdə aydınlaşmağa başlayacaq. Əgər, ABŞ Rusiya ilə ortaq hərəkət etməkdə israrlı olarsa və NATO üzvü olan Avropa ölkələri də rəsmi Kiyevə dəstək verə bilməzlərsə, onda, Ukrayna dövlətçiliyinin sonu üçün geri sayım başlanmış olacaq. Və bu halda, Kreml həm Ukraynanı tamamilə ələ keçirmək, həm də Rusiya üçün keçmiş SSRİ-nin sərhədlərini bərpa etməklə bağlı planları reallaşdırmaq baxımından, müəyyən imkanlar da açıla bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
12
26
musavat.com

10Mənbələr